7-8 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatı dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçirilib.
Açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasınının idarə heyətinin sədr müavini Rauf Cabbarov, “NASA Space Apps Baku”nun layihə rəhbəri Nigar Rəsulzadə və digər qonaqlar iştirak ediblər.
Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmaqdır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir.
Müsabiqədə 690 müraciətçidən müsabiqə üsulu ilə seçilmiş 23 komanda iştirak edib. Tələblərə cavab verən və 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll ediblər.
Yekunda komandaların təqdimatlarına əsasən qiymətləndirmələr aparılacaq, orijinallığı, konseptləri, ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq mükafatlandırılacaqlar. Ölkə üzrə qalib gələn komandalar dünyanın 350 şəhərində keçirilmiş hakaton qalibləri ilə birgə yarışacaqlar.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri üçün vebinar təşkil olunub.
Vebinarda Sabancı Universitetinin professoru Berrin Yanıkoğlu süni intellekt sahəsindəki son trendlərdən danışıb.
Qazaxıstanda baş tutan "Digital bridge" tədbiri çərçivəsində "Astana Hub" və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək, birgə yatırım fondunun yaradılması, təcrübə mübadiləsini təmin etmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.
20 aprel 2021-ci il, Bakı vaxtilə saat 20:00-da “Slack platformasında quruculuq” mövzusunda onlayn tədbir keçiriləcək.
Baş tutacaq tədbirdə “Slack”in developerlər üçün yaratdığı geniş imkanlardan danışılacaq.
Sözügedən tədbirin spikeri “Slack”in Developerlər şöbəsinin müdiri Colm Doyle, moderatoru isə Azərbaycanda 50-dən çox startapın inkişafına dəstək olan, texnoloji və innovativ yeniliklər haqqında bloqların müəllifi, “Slack”-in yerli təmsilçisi Tariyel Ağazadə olacaq.
İştirakçılar adıçəkilən platformada rahat şəkildə funksional mobil tətbiq yaratmağın üsullarını öyrənə, eyni zamanda “Slack”in digər faydalı özəllikləri haqqında məlumat əldə edə biləcəklər.
Bu tədbirdə iştirak ödənişsiz, iştirakçı sayı isə limitsizdir. Hər kəs Slack və Facebook platformalarından canlı izləyə bilər. Qeyd edək ki, tədbir ingilis dilində keçiriləcək.
Ətraflı məlumat: https://slackcommunity.com/baku/
Qeydiyyat: https://bit.ly/2R7ybtP