Gəncə şəhərində Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün “Green Hackathon 2024” müsabiqəsi ilə bağlı infossesiya təşkil olunub.
İnfosessiyada yaşıl innovasiyaların əhəmiyyəti, texnoloji trendlər barədə tələbələr məlumatlandırılmış, müsabiqənin formatı, iştirak şərtləri haqqında geniş informasiya təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, proqram ADB Azerbaijan (AİB), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur.
Kanadanın ən böyük inkubasiya mərkəzlərindən biri olan “DMZ”in nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub. Qonaqlara “INNOLAND”in yaradılması və fəaliyyət məqsədləri, mərkəzdə yerləşən Kovörkinq, İnkubasiya, Akselerasiya, İT Təlim-Tədris Mərkəzinin fəaliyyəti və startaplarla bağlı ətraflı məlumat verilib .
“DMZ”in nümayəndə heyəti “INNOLAND”də fəaliyyət göstərən “SUMAKS”ın laboratoriyası ilə tanış olublar. Qonaqlara “SUMAKS”ın yerli texnologiya məhsullarının istehsalı ilə məşğul olduğu və “INNOLAND”in rezidentləri üçün ilkin prototiplərin hazırlanmasında dəstək olduğu bildirilib.
Daha sonra qonaqlar “INNOLAND”də yerləşən digər startaplarla öz təcrübələrini bölüşüblər.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində Gəncədə növbəti “Fintech Meetup” keçiriləcək. “Fintech Meetup” Gəncədə ilk dəfə keçirilən "Startup Grind Ganja" tədbiri daxilində baş tutacaq. Görüşdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, “SUP.VC” şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak edəcək. Spikerlər maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışacaq.
Tədbir zamanı həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunacaq.
Tədbir 10 oktyabr saat 15.00-da Gəncə Dövlət Universitetində keçiriləcək.
Biletləri buradan əldə edə bilərsiniz: https://startupgrindganja1.ticketsetup.com/az
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakatona start verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin də dəstəkçisi olduğu “Aquahack” innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də, 13 yaşdan yuxarı ən fəal icma üzvlərini suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azadılması üçün texnoloji ideyalar və həllər təklif etməyə dəvət edir.
Məsələn, Azərbaycanda ən çox su itkisinə kortəbii suvarma təcrübəsi səbəb olur ki, bu sahədə təklif ediləcək ideyalar qənaətcil, çevik və innovativ suvarma üsullarından istifadəni sövq edəcək.
Problemin həlli istiqamətində təklif ediləcək ideyalar fermerləri torpaq və meteoroloji məlumatlardan optimal şəkildə istifadəni təmin edən yeni suvarma üsulları ilə tanış etməklə bağlı ola bilər.
Digər həllərə ev şəraitində sudan qənaətlə istifadəyə dair yeni ictimai məlumatlandırma metodları aid edilə bilər.
“Aquahack” yarışmasına qeydiyyat 10-25 iyun tarixlərində keçiriləcək və hakatonda iştirak tamamilə ödənişsizdir. Müraciətlər həm fərdi, həm də qrup şəklində təqdim oluna bilər. Müraciət prosesi bitdikdən sonra iştirakçıları konkret problemlər və mövzu ilə ətraflı tanış etmək məqsədilə silsilə vebinarlar təşkil olunacaq. Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Ümumilikdə 3 mükafat təqdim olunacaq: birinci yer üçün 5000 manat, ikinci yer üçün 3000 manat və üçüncü yer üçün 2000 manat.
Son müraciət tarixi: 25 iyun 2020-ci il
Qeydiyyat üçün: https://aquahack.hackathon.az/