13-15 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, ATGTİ-nin dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə “Enactus Çempionlar Liqası Simulyasiya Düşərgəsi” baş tutub.
Gənc liderlərin inkişafını hədəfləyən bu xüsusi proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edərək sahibkarlıq dünyasına bir addım da yaxınlaşıblar.
Düşərgə müddətində iştirakçılar "İnnovasiyalar Mərkəzi"nin dəstəyi ilə keçirilən sahibkarlıq, innovasiya və layihə idarəetməsi sahələrini əhatə edən müxtəlif təlim və vörkşoplarda iştirak ediblər. Təqdimatçılar sırasında INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov “Sahibkarlıq və İnnovasiya”, “Sosial Sahibkarlığa Giriş” və “Təqdimat və Kommunikasiya” mövzularında çıxış edib. ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev “Startap Quruculuğunda Süni İntellekt Alətləri” mövzusunu təqdim edib. Layihələrin İdarəedilməsi Departamentinin müdir müavini Ziniddin Babayev isə “Layihə İdarəetməsi və Strategiyası” üzrə təlimlə çıxış edib. Bu sessiyalar sayəsində iştirakçılar aktual biliklərlə yanaşı, komanda işi və strateji yanaşma bacarıqlarını da inkişaf etdiriblər.
Düşərgənin davamında isə "Enactus Milli Yarışı"nın yarımfinal və final mərhələlərinin simulyasiyası təşkil olunub. Komandalar öz layihələrini təqdim edərək rəqabət şəraitində bilik və bacarıqlarını nümayiş etdiriblər.
Simulyasiya nəticələrinə əsasən qalib komandalar:
1-ci yer – Azərbaycan Tibb Universiteti
2-ci yer – Bakı Dövlət Universiteti
3-cü yer – Lənkəran Dövlət Universiteti
Bütün komandaları təbrik edirik! Uğurlarınız davamlı olsun!
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “AzerGold QSC” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramına qəbul edilən startaplar 18 yanvar tarixində "Demo Day"də çıxış edəcəklər. "Join 2b2", "Buqelemun", "Təmiz hava" və "Günəş Bioqaz" startapları investorlar qarşısında öz layihələrini təqdim edərək investisiya almaq şansı əldə edəcəklər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
“Data Elmi və Maşın Öyrənməsinə Giriş Bootcamp” üçün qeydiyyat davam edir!
Bu proqramda:
- İlk günlərdə data analitikasının əsaslarını öyrənərək güclü təməl qazanacaqsınız.
- Ardınca CRM analitikası ilə müştəri dəyərini hesablayacaq, biznes qərarlarında datanın gücünü kəşf edəcəksiniz.
- Daha sonra xüsusiyyət mühəndisliyi və maşın öyrənməsi alqoritmləri ilə tanış olub praktiki biliklər əldə edəcəksiniz.
- Sonda isə real datalar üzərində layihələr hazırlayıb, onları peşəkar təqdimatla nümayiş etdirəcəksiniz.
22 sentyabr 2025
7 həftə (5 həftə intensiv təlim + 2 həftə real layihə)
Startapını və karyeranı rəqəmsal dünyada bir addım irəli daşımaq üçün bu fürsəti qaçırma!
Qeydiyyat linki: https://forms.gle/uxS4UvUTbJSHqGzMA
INNOLAND-in dəstəyi ilə “NeecroLearn” proqramının açılışı baş tutub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Neecro Project” studiyasının təşkilatçılığı ilə keçirilən “NeecroLearn” oyun inkubasiyası və intensiv təlim proqramının açılış tədbiri baş tutub. Tədbirin ilk hissəsində iştirakçıların bir-biri ilə tanışlığı və ünsiyyət qurması məqsədilə netvörkinq sessiyası təşkil olunub. İkinci hissədə proqramın ümumi gedişatı, mərhələləri və iştirakçılardan gözləntilər barədə ətraflı məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində iştirakçılar “Unity” və “Blender” vasitəsilə oyun və interaktiv layihələrin hazırlanmasını öyrənəcəklər. İştirakçılar eyni zamanda yerli və beynəlxalq mentorlarla görüşlərdə iştirak edəcək, komanda şəklində real layihələr üzərində çalışaraq praktiki təcrübə qazanacaqlar. 6 ay davam edəcək “NeecroLearn” proqramının məqsədi gənclərin oyun və rəqəmsal məhsullar sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək və bu sahədə yeni layihələrin yaranmasına dəstək verməkdir.