13-15 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, ATGTİ-nin dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə “Enactus Çempionlar Liqası Simulyasiya Düşərgəsi” baş tutub.
Gənc liderlərin inkişafını hədəfləyən bu xüsusi proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edərək sahibkarlıq dünyasına bir addım da yaxınlaşıblar.
Düşərgə müddətində iştirakçılar "İnnovasiyalar Mərkəzi"nin dəstəyi ilə keçirilən sahibkarlıq, innovasiya və layihə idarəetməsi sahələrini əhatə edən müxtəlif təlim və vörkşoplarda iştirak ediblər. Təqdimatçılar sırasında INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov “Sahibkarlıq və İnnovasiya”, “Sosial Sahibkarlığa Giriş” və “Təqdimat və Kommunikasiya” mövzularında çıxış edib. ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev “Startap Quruculuğunda Süni İntellekt Alətləri” mövzusunu təqdim edib. Layihələrin İdarəedilməsi Departamentinin müdir müavini Ziniddin Babayev isə “Layihə İdarəetməsi və Strategiyası” üzrə təlimlə çıxış edib. Bu sessiyalar sayəsində iştirakçılar aktual biliklərlə yanaşı, komanda işi və strateji yanaşma bacarıqlarını da inkişaf etdiriblər.
Düşərgənin davamında isə "Enactus Milli Yarışı"nın yarımfinal və final mərhələlərinin simulyasiyası təşkil olunub. Komandalar öz layihələrini təqdim edərək rəqabət şəraitində bilik və bacarıqlarını nümayiş etdiriblər.
Simulyasiya nəticələrinə əsasən qalib komandalar:
1-ci yer – Azərbaycan Tibb Universiteti
2-ci yer – Bakı Dövlət Universiteti
3-cü yer – Lənkəran Dövlət Universiteti
Bütün komandaları təbrik edirik! Uğurlarınız davamlı olsun!
ASAN Xidmət ölkə üzrə növbəti ilkə imza atıb!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 56002:2021 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq sertifikatına layiq görülüb.
Sözügedən sertifikatı ölkəmizdə ilk dəfə Dövlət Agentliyi əldə edib. Standartın alınması Dövlət Agentliyində innovasiya ekosisteminin beynəlxalq standartlara uyğun formalaşdırılmasının göstəricisidir.
Sertifikat Beynəlxalq Standartlar Təşkilatında (İSO) akreditasiya olunmuş Türkiyə Standartlar İnstitutu tərəfindən verilib.
Dövlət Agentliyində formalaşdırılan innovasiyalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha effektiv və keyfiyyətli təşkili, həmçinin vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tətbiq olunur.
Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün “Green Hackathon 2024” müsabiqəsi ilə bağlı infossesiya təşkil olunub. İnfosessiyada tələbələr yaşıl innovasiyaların əhəmiyyəti, texnoloji trendlər barədə məlumatlandırılıb, müsabiqənin formatı, iştirak şərtləri haqqında geniş informasiya təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, proqram ADB Azerbaijan, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur.
“Green Hackathon 2024” proqramının iştirakçıları üçün təlimlər davam edir.
Təlimdə iştirak edən gənclərə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov hakatonun gedişatı və ümumi prosesi haqqında məlumat verib.
Daha sonra “Bilişim Vadisi” texnologiya mərkəzinin ekspertləri Serhat Duyar və Qamət Kərimov müsabiqə iştirakçılarına “Sahibkarlığa giriş: ideyadan startapa” mövzusunda danışıb.
Həmçinin əsas sahibkarlıq bacarıqları, komanda qurma, idarəetmə və liderlik, "lean" startap, qloballaşma, fikirdən biznes modelinə keçid mövzularından bəhs olunub. İştirakçılar komandalara bölünərək qrup işi həyata keçirib.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi hakatonun təşkilatçılarındandır.