“INNOLAND”in dəstəyi ilə “HER IT Journey 3” layihəsinin final mərhələsi uğurla başa çatdı
2025-ci il 24 iyun tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə mərkəzin rezident startapı olan “SAFAVY” MMC tərəfindən icra edilən “HER IT Journey 3” layihəsinin rəsmi final tədbiri keçirilib.
Layihə çərçivəsində 15 mart–15 iyun tarixlərini əhatə edən dövrdə Azərbaycanın müxtəlif regionlarından seçilmiş 20 xanım iştirakçıya “Rəqəmsal marketinq və brendləşdirmə”, “Qrafik dizayn” və yumşaq bacarıqlar üzrə hibrid formatda təlimlər təqdim olunub. Proqram boyunca iştirakçılar həmçinin sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və təcrübə mübadiləsi imkanları əldə ediblər.
“HER IT Journey” təşəbbüsü növbəti dəfə regionlarda yaşayan, sosial həssas qruplara aid olan və ya sahibkarlıqla məşğul olan qadınların rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, onları İKT sektoruna daha fəal şəkildə inteqrasiya etməyə hədəflənib.
Qeyd edək ki, “SAFAVY” MMC ölkədə Startap şəhadətnaməsi ilə təltif olunmuş ilk yerli təhsil platforması olaraq, artıq 4 ildən çoxdur fəaliyyət göstərir. “HER IT Journey” layihəsi şirkətin qadınların texnologiya sahəsində fəal iştirakını təşviq edən ardıcıl və təsirli sosial təşəbbüslərindən biridir. Layihənin həyata keçirilməsinə PAŞA Holdinqin maliyyə dəstəyi mühüm töhfə verib.
Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydının rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub.
Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN Xidmətin, ABAD və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
28-29 iyul tarixində Tatarıstan Respublikasının Kazan şəhərində "7-ci Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu"nun yekun mərhələsi keçirilib.
Layihənin əsas məqsədi İƏT-ə üzv ölkələrdə və qeyri-üzv ölkələrin müsəlman icmalarında gənc startapçıların inkişafına və invesitisiya ilə təmin olunmasına dəstək göstərməkdir.
Forumun yekun mərhələsinin dəyərləndirmə heyətində İslam Əməkdaşlıq Gənclər Forumunun Bakı şəhərində yerləşən Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlıq edən “İnnovasiyalar Mərkəzi” MMC-nin nümayəndəsi də iştirak edib. O, tərəfdaşlarla bağlı xüsusi paneldə iştirakçılara "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və onun fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası hökümətinin həmtəşkilatçılığı ilə keçirilən Forumda ümumilikdə 120 seçilmiş startap iştirak etmiş və hazırlıq-tədris proqramını uğurla tamamlamış 37 startap yekun mərhələyə dəvət almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində "GIC Innovation Akselerasiya (iX) Proqramı" təlimləri keçiriləcək. "INNOLAND"in təşkilatçılığı ilə baş tutacaq təlimlərdə Stanford Universitetinin təcrübəli mentorları çıxış edəcəklər.
"GIC Innovation Akselerasiya (iX) Proqramı" Stanford Universitetinin "İdeyadan biznesə professional inkişaf" kurikulumu əsasında keçirilən 8 həftəlik proqramdır. Bu unikal proqram startaplarda, şirkətlərdə və dövlət orqanlarında məhsul və biznesin inkişafı üçün innovativ düşüncə formalaşdırır, yerli ekosistemin inkişafı üçün qlobal resurslara çıxışı təmin edir.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutacaq 8 həftəlik proqram tələbələr, təşəbbüskarlar, orta və böyük şirkət rəhbərləri üçün təşkil ediləcək. Təlimlərdə Silikon Vadisinin təcrübəsi ilə yanaşı yerli mövzulara uyğun mentorluq və dünya səviyyəli vörkşopların təcrübələrindən də istifadə ediləcək.
İştirakçılar yeni məhsulların yaradılması istiqamətində bütün mərhələlər üzrə konseptual inkişaf, planlaşdırma və həyata keçirmə üzrə dərin biliklər əldə edəcəklər. Təlimi bitirən iştirakçılar sertifikatla təmin ediləcək.