"Texnoloji startapların kommersiyalaşdırılması" mövzusunda vebinarımız oldu.
Vebinarda "Bilişim Vadisi"nin startap mentoru Serhat Duyar bu mövzuda öz təcrübəsini bölüşdü.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Proqramlaşdırma müsahibəsindən necə keçməli?" mövzusunda görüş baş tutub.
"Internet.org" layihəsinin üzvü Murtada Al-Tamemi iş müsahibəsi zamanı yaxşı çıxış etməyin yolları və namizəddə axtarılan xüsusiyyətlər haqqında ətraflı məlumat verib.
O, həmçinin Facebookda çalışdığı müddətdə əldə etdiyi bilik və təcrübələrini iştirakçılarla bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası "Teknopark İstanbul"un Baş İcraçı Direktoru Bilal Topçu ilə görüşüb.
Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi, elektron hökümətin inkişafı və sosial innovasiyalar sahəsində görülən işlər barədə məlumat verib. Dövlət Agentliyi ilə “Teknopark İstanbul" arasında innovasiya sahəsində birgə fəaliyyətin qurulmasının iki qardaş ölkə arasında yeni əməkdaşlıq imkanlarının açdığını qeyd edib.
Bundan əlavə Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Sonra qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub və 30-dan artıq startap nümayəndəsi ilə görüşüb.
Görüş çərçivəsində Bilal Topçu Azərbaycan startapları üçün "Teknopark İstanbul"da mövcud olan imkanlar, dəstək və xidmətlərlə bağlı təqdimatla çıxış edib və yerli startapçıların innovativ sahibkarlığın inkişafı ilə bağlı fikirlərini dinləyib və suallarını cavablandırıb.
"ADA Məktəbi"nin 10-cu sinif şagirdləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə infosessiya səfəri təşkil olunub.
Görüş çərçivəsində iştirakçılara startap ekosistemi, innovativ layihələrin hazırlanması, təşəbbüskarlıq bacarıqları və karyera imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda, mərkəzin fəaliyyəti, inkubasiya və akselerasiya proqramlarının mərhələləri təqdim olunub. İnteraktiv formatda keçirilən infosessiya zamanı şagirdlər real layihələrlə və ideya inkişafı prosesi ilə tanış olub, mentorlarla fikir mübadiləsi aparıblar. İştirakçıların sualları cavablandırılıb, texnologiya, innovasiya və biznes istiqamətində mövcud imkanlar izah edilib.