1 İyun, 2022

"INNOLAND"in nümayəndə heyəti “Səyyar Gənclər Xidməti” layihəsində iştirak edib

31 may tarixində Biləsuvar rayonunun Bağbanlar kəndində “İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib. 

Gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsini qarşıya məqsəd qoyan "Səyyar Gənclər Xidməti" layihəsinin tədbirində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti də iştirak edib. Layihə iştirakçılarına Mərkəzin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı  üçün yaratdığı imkanlardan danışılıb. 

Qeyd edək ki, tədbir zamanı gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib, gənclərə praktiki şəkildə "CV" yazılma qaydası göstərilib, gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilib.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“INNOLAND”də "Süni zəka" mövzusunda görüş baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutacaq. Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçiriləcək. Görüşdə spiker qismində çıxış edəcək Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışacaq.

Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. Sahibkarlığa marağı onun təşəbbüskar ailəsindən gəlir. İndiyə kimi media, reklam və texnologiya sahələrində müxtəlif startaplara dəstək verib. O, həmçinin texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili almış və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.

Tədbir 19 dekabr saat 19.00-da keçiriləcəkdir.

Tədbirə qatılmaq üçün: https://www.facebook.com/events/751487891926718/

Ətraflı oxu
innoland news image

"INNOLAND"in rezidenti “Uvodo” 500 000 manat dəyərində investisiya cəlb edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti “Uvodo” 500 000 manat dəyərində investisiya cəlb edib.

“Uvodo”nun toxumöncəsi investisiya raunduna "Xəzər Vençur" mələk investorları rəhbərlik ediblər. Ümumilikdə investisiyada Azərbaycan MBA Klub İnvestorları və həmtəsisçilər iştirak edib və raund ümumi yarım milyon manat (300.000 ABŞ dolları) dəyərində bağlanıb.

“Uvodo” rəqəmsal agentliklər və e-ticarət mühəndisləri üçün nəzərdə tutulan, onların iş prosesini və proqramlaşdırma sürətini artıran e-ticarət qurma platformasıdır. Layihəyə fərdiləşdirmə, məlumatın 3-cü tərəf servislərlə paylaşılması, olduqca yüksək xərc tələb edən texniki dəstək və optimallaşdırma ilə bağlı məhdudiyyətlər daxildir.

Startapın məqsədi proqram mühəndislərinə pərakəndə satışın e-ticarətə keçid prosesini sürətləndirməyə kömək etmək və “Uvodo”nu e-ticarət qurma platformaları arasında mühəndislərin ilk seçiminə çevirməkdir.

Hazırda komandanın diqqəti "Beta" mərhələsindən "Alfa" mərhələsinə qədər məhsulun inkişafını sürətləndirməkdir. Komanda startapa cəlb edilən investisiya ilə “Uvodo”nun əsas funksiyalarını təkmilləşdirəcək və müştərilərinin bilavasitə onlardan tələb etdiyi e-ticarət biznesləri üçün vacib olan beynəlxalq ödəniş həlləri, göndərmə xidmətləri və konversiya alətləri və s. kimi xüsusiyyətləri inkişaf etdirəcək.

“Uvodo” “Nextsale” startapını yaradan və müvəffəqiyyətlə satan təsisçilərin növbəti layihəsidir. “INNOLAND”in məzun rezidenti olan “Nextsale”, e-ticarət mağazaları üçün veb-sayt ziyarətçilərini real müştəriyə çevirən optimallaşdırma proqramıdır. Startapın bütün hissələri Boston mərkəzli “Silversmith Capital Partners” şirkəti tərəfindən satın alınıb.

Ətraflı oxu
innoland news image

“Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ADPU Enactus” beynəlxalq proqramının tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub.

Panel müzakirəsindən öncə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, "İnnovasiyalar Mərkəzi"nin direktorunun müşaviri Ləman Əhmədova, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və "ADPU ENACTUS" komandasının koordinatoru Zenfira Seyidova çıxış edərək, innovativ yanaşmaların təhsildə tətbiqinin əhəmiyyətindən bəhs edib və bu cür tədbirlərin yeni ideyaların formalaşmasına verdiyi töhfəni vurğulayıb.

Panel müzakirəsinə moderator qismində “İnnovasiyalar Mərkəzi”nin “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev rəhbərlik edib. Spikerlər qismində isə "Bilim Azərbaycan" layihəsinin rəhbəri Ahmet Köse, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov, ASAN İnnovativ İnkişaf Mərkəzinin təlim üzrə baş mütəxəssisi Aytən Quliyeva-Rzayeva və "Sosiologiya Akademiyası"nın rəhbəri Mail Yaqub çıxış ediblər.

Çıxışları zamanı spikerlər təhsildə innovativ metodların, rəqəmsal alətlərin və startap mədəniyyətinin tətbiqinin əhəmiyyəti ilə bağlı fikir və təcrübələrini bölüşüblər. Tədbir gənc müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar panelistlərə suallar ünvanlayaraq geniş müzakirələr aparıblar.

Sonda iştirakçılara sertifikat təqdim edilib.

Ətraflı oxu