25 May, 2025

“Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ADPU Enactus” beynəlxalq proqramının tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub.

Panel müzakirəsindən öncə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, "İnnovasiyalar Mərkəzi"nin direktorunun müşaviri Ləman Əhmədova, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və "ADPU ENACTUS" komandasının koordinatoru Zenfira Seyidova çıxış edərək, innovativ yanaşmaların təhsildə tətbiqinin əhəmiyyətindən bəhs edib və bu cür tədbirlərin yeni ideyaların formalaşmasına verdiyi töhfəni vurğulayıb.

Panel müzakirəsinə moderator qismində “İnnovasiyalar Mərkəzi”nin “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev rəhbərlik edib. Spikerlər qismində isə "Bilim Azərbaycan" layihəsinin rəhbəri Ahmet Köse, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov, ASAN İnnovativ İnkişaf Mərkəzinin təlim üzrə baş mütəxəssisi Aytən Quliyeva-Rzayeva və "Sosiologiya Akademiyası"nın rəhbəri Mail Yaqub çıxış ediblər.

Çıxışları zamanı spikerlər təhsildə innovativ metodların, rəqəmsal alətlərin və startap mədəniyyətinin tətbiqinin əhəmiyyəti ilə bağlı fikir və təcrübələrini bölüşüblər. Tədbir gənc müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar panelistlərə suallar ünvanlayaraq geniş müzakirələr aparıblar.

Sonda iştirakçılara sertifikat təqdim edilib.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Proqramlaşdırma sahəsində yerli və xarici şirkətlərdə iş imkanları mövzusunda tədbirimiz baş tutub

"INNOLAND" və "NextStep" təhsil mərkəzi birgə olaraq bu mövzuları daha da aktuallaşdırmaq məqsədi ilə proqramlaşdırma öyrənmək istəyənləri və proqramçıları bir araya gətirib. Xarici və yerli bazarda karyera imkanlarından yararlanmaq istəyən gənclər tədbirə qatılaraq bu sahədə olan bir sıra mövzulardan faydalanıblar. 

Spikerlərimiz tərəfindən seminarda
 Xarici və yerli bazarda necə iş tapmaq olar?
 Necə uğurlu müsahibə vermək olar? kimi mövzuları əhatə edən müzakirələr aparılıb.

Həmçinin, iştirakçılara netvörkinq üçün fürsətlər yaradılıb, bu sahədə yeni tanışlıqlar yaranıb.

Ətraflı oxu
innoland news image

V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir

V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir

Proqram çərçivəsində Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində görüşlər təşkil olunub. Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Keçirilən infosessiyalarda ümumilikdə 300-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.

Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz: ➡️ https://gub.icenter.az/home

Ətraflı oxu
innoland news image

"INNOLAND" beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

Estoniya hökumətinin təşəbbüsü ilə yaradılmış Startap Estonia və “Garage 48” Akselerasiya Mərkəzinin nümayəndə heyəti  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.

Qonaqlara mərkəzdə fəaliyyət göstərən Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzinin fəaliyyəti, o cümlədən startaplarla bağlı ətraflı məlumat verilib.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumları imzalanıb.

Əməkdaşlıq memorandumları yerli texnologiya startapları üçün sahibkarlığa dəstək ekosisteminin və tərəflər üçün müvafiq regionda investor imkanlarının yaradılmasını, inkişaf etdirilməsini, inkubasiya və akselerasiya proqramlarının effektiv mübadiləsini, eləcə də yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılmasını və bu kimi digər qarşılıqlı razılaşdırılmış tədbirlərin görülməsini özündə ehtiva edir.

“Startap Estonia” Mərkəzi ilə imzalanmış memorandum çərçivəsində əldə olunmuş razılığa əsasən, “Startap Estoniya Vizası” proqramına daxil olmuş regional müraciətlərin ilkin qiymətləndirilməsi Azərbaycanda həyata keçiriləcək. Belə ki, Rusiya, Gürcüstan, Monqolustan, İran, Əfqanıstan kimi regional ölkələrdən müvafiq proqrama müraciət edəcək startaplar ilkin olaraq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən qiymətləndiriləcək. Yalnız ilkin mərhələni uğurla başa vurmuş startaplar proqramın növbəti mərhələsinə keçid ala biləcək. Bu isə ölkəmizə regional startapçıların və layihələrin cəlb edilməsində, startap ekosisteminin uğur potensialının artırılmasında böyük rol oynayacaq.

Qeyd edək ki, “Startap Estoniya Vizası” proqramı 2017-ci ildə Estoniya Startap Komitəsi və Estoniyanın Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü ilə yaradılıb. Proqramın əsas məqsədi Avropa Birliyinə daxil olmayan ölkələrdə fəaliyyət göstərən uğurlu startapçıların və layihələrin Estoniyaya gəlməsini asanlaşdırmaqdır. Belə ki, “Startap Estoniya Vizası” proqramına müraciət etmiş və uğurlu hesab edilmiş startapçılara xüsusi kod verilir. Onlar və komanda yoldaşları bu kod vasitəsilə Estoniyada 5 ilə qədər yaşama icazəsi ala bilərlər.

Ətraflı oxu