Rezident startapımız beynəlxalq uğura imza atıb!
INNOLAND-in rezidenti olan "Tada!" Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən həyata keçirilən "Star Venture" proqramına seçilib.
"Star Venture" yüksək inkişaf potensialına malik startaplar üçün nəzərdə tutulmuş qlobal proqramdır. Proqram çərçivəsində seçilən startaplara 18 ay müddətində
beynəlxalq mentorluq
strateji inkişaf məsləhətləri
investorlarla əlaqə imkanları təqdim olunacaq.
Bu uğur münasibətilə "Tada!" komandasını təbrik edir, uğurlar arzulayırıq!
V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir
Proqram çərçivəsində Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində görüşlər təşkil olunub. Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Keçirilən infosessiyalarda ümumilikdə 300-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.
Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz: ➡️ https://gub.icenter.az/home
INNOLAND-in dəstəyi ilə “NeecroLearn” proqramının açılışı baş tutub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Neecro Project” studiyasının təşkilatçılığı ilə keçirilən “NeecroLearn” oyun inkubasiyası və intensiv təlim proqramının açılış tədbiri baş tutub. Tədbirin ilk hissəsində iştirakçıların bir-biri ilə tanışlığı və ünsiyyət qurması məqsədilə netvörkinq sessiyası təşkil olunub. İkinci hissədə proqramın ümumi gedişatı, mərhələləri və iştirakçılardan gözləntilər barədə ətraflı məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində iştirakçılar “Unity” və “Blender” vasitəsilə oyun və interaktiv layihələrin hazırlanmasını öyrənəcəklər. İştirakçılar eyni zamanda yerli və beynəlxalq mentorlarla görüşlərdə iştirak edəcək, komanda şəklində real layihələr üzərində çalışaraq praktiki təcrübə qazanacaqlar. 6 ay davam edəcək “NeecroLearn” proqramının məqsədi gənclərin oyun və rəqəmsal məhsullar sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək və bu sahədə yeni layihələrin yaranmasına dəstək verməkdir.
"ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, Expressbankın sponsorluğu ilə həyata keçirilən “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb. Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, ekosistemin inkişafı üzrə mütəxəssis Nida Emin Kirişçi, “SAHA Robotics” şirkətinin Robototexnika davranış və naviqasiya sistemləri rəhbəri Burak Can Kaya, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər. Düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər “SAHA Robotics” şirkətində təcrübə proqramında iştirak etmək, “Bilişim Vadisi”ndə 1 illik ofis imkanından yararlanmaq hüququ qazanıblar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda “Take Off İstanbul” startap sammitində iştirak imkanı əldə edəcək. Bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına “ROS 2-in əsasları”, “SLAM alqoritmləri”, “ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması” kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub. 2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 924 müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb. Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşmaq və karyera qurmaq istəyən gəncləri “ROS” (Robot Operating System) ekosisteminə dair bilik və bacarıqlarla təmin etməkdir. İnnovativ həllərin təşviqi ilə iştirakçılara bu sahədə layihələrini inkişaf etdirməyə dəstək göstərmək də prioritet istiqamətlərdəndir.