Qlobal bazara çıxış üçün vacib biliklər, real təcrübələr və praktik tövsiyələr!
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Türkiyəli təlimçi, “Mükellef Teknoloji” şirkətinin satış direktoru Yunus Uzelin təqdimatında keçirilən təlimdə iştirakçılar beynəlxalq bazarlara çıxış, xaricdə şirkət qurulması, vergi və hüquqi məsələlər, eləcə də qlobal inkişaf strategiyaları ilə bağlı dəyərli məlumatlar əldə etdilər.
Siz də biznesinizi qlobal bazara daşımaq istəyirsinizsə, INNOLAND-in növbəti təlim və tədbirlərini izləyin.
Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Dekabr ayının 20-də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutmuş imzalanma mərasimində çıxış edən Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, innovasiyaların tətbiqi və startaplara dəstək Bakcell şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir: “Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. Bizim “AppLab” İnkubasiya Mərkəzi bu gün ölkədə ən maraqlı layihələrin toplandığı məkanlardan biridir. İnanıram ki, yeni açılmış “INNOLAND" ilə əməkdaşlığımız ölkədə startap ekosisteminin inkişafına böyük töhfə verəcək və innovasiya sahəsində ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək”.
Daha sonra çıxış edən Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağı-Zadə qurumlar arasında dövlət-özəl tərəfdaşlığını rəsmiləşdirən bu əməkdaşlığın önəmindən danışıb.
Bildirilib ki, bu tərəfdaşlığın əsas məqsədi ölkəmizdə texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində də bu tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
10 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Next Step” İnnovasiya Mərkəzi və SUP Startap Akseleratoru arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovorkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi üzrə birgə əməkdaşlığı əhatə edir. Həmçinin yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması, digər qarşılıqlı tədbirlərin təşkili fəaliyyət istiqamətlərinə daxildir.
Tədbirdə inkubasiya xidmətinin ölkəmizdə dayanıqlı startap ekosisteminin qurulmasındakı əhəmiyyəti, həmçinin akselerasiya xidmətinin ölkə hüdudlarından kənarda yeni milli startap brendlərinin formalaşmasındakı rolu qeyd edilib.
20 iyun 2023-cü il tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və Next Step İnnovasiya Mərkəzinin birgə təşkil etdiyi inkubasiya proqramlarının məzun startapları üçün mövsümün ilk “Demo Day”i təşkil olunub.
Tədbirdə startap və innovasiya ekosisteminin oyunçuları, təsisçiləri, investorlar və sahənin həvəskarları iştirak ediblər.
İnkubasiya və pre-inkubasiya proqramını bitirən yerli “Speakday”, “Wegros”, “Best.az”, “Alimok”, “Safavy”, “Aybss”, “Utilix”, “Autosource” startapları və Pakistandan olan “Akountmate” startapı investorlar qarşısında çıxış edərək təhsil, kommunal və elektron ticarət sektorunda olan problemlərə həll yolları təklif edən xidmət və məhsullar təqdim ediblər.
5 aylıq inkubasiya proqramı çərçivəsində “Google”, “Dünya Bankı”, “Female Founders”, “European Startup Network”, “GoDaddy” kimi şirkətlərin, “iomete”, “Uvodo”, “WeTravel” kimi startapların və “PAŞA Bank”, “Embawood”, “Risk Company, “Caucasus Ventures” kimi bank və şirkətlərin nümayəndələrindən ibarət yerli və xarici mütəxəssislər tərəfindən təlimlər keçirilib.
Təlimlər UI/UX, biznes, startap, innovasiya və texnologiya mövzularını əhatə edib.
Tədbir ölkədə ekosistem oyunçuları arasında fərqli sahələrdə tətbiq olunan texnologiyalar və innovasiyalar istiqamətində təcrübə mübadiləsi üçün imkan yaradıb.
Proqramın sonunda növbəti inkubasiya proqramı haqqında qısa məlumat verilib.