INNOLAND-in rezidenti “Rekrio AI” Türkiyənin aparıcı startap akselerasiya proqramı “İTÜ Çekirdek Express”ə qəbul olunub.
Akselerasiya proqramı çərçivəsində komanda öz məhsulunu daha da inkişaf etdirmək, yeni əməkdaşlıqlar qurmaq, mentor dəstəyindən yararlanmaq və beynəlxalq startap ekosisteminə çıxışını genişləndirmək imkanı əldə edəcək.
“Rekrio AI” komandasını təbrik edir, yeni uğurlar arzulayırıq!
“Yay Fest 2025” çərçivəsində iştirakçılarla “İdeyadan imzaya: Suveren düşüncə, yerli innovativ təşəbbüs” adlı panel müzakirə baş tutub. Müzakirədə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev çıxış edib.
Panel çərçivəsində iştirakçılara startap quruculuğu, uğurlu ideyaların formalaşması, bu prosesdə süni zəka alətlərinin rolu ilə bağlı geniş məlumat verilib. Panel gənclərin iştirakı ilə interaktiv müzakirə ilə davam edib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində "İnnovasiya və Yaradıcılıq Forumu" keçirilib.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan forum gənclərin innovativ düşüncə və texnoloji biliklərinin inkişafını dəstəkləmək məqsədi daşıyıb.
Forum çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə “Startap ekosistemi – qlobal və lokal yanaşmalar”, “Süni intellekt: Düşüncənin yeni forması” və “Robotlar səhnədə – Yaradıcılıq və texnologiyanın vəhdəti” mövzularında panel müzakirələri aparılıb.
Müzakirələrdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev də çıxış edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər.
Sonda rəsmi çıxışlar və təltifetmə mərasimi ilə tədbir yekunlaşıb.
21-26 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirələcək "StartupFest 2019"a həsr olunmuş mətbuat konfransı təşkil olunub.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov çıxışında bildirib ki, "StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.
Diqqətə çatdırılıb ki, festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq. Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.
Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.