“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində "İnnovasiya və Yaradıcılıq Forumu" keçirilib.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan forum gənclərin innovativ düşüncə və texnoloji biliklərinin inkişafını dəstəkləmək məqsədi daşıyıb.
Forum çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə “Startap ekosistemi – qlobal və lokal yanaşmalar”, “Süni intellekt: Düşüncənin yeni forması” və “Robotlar səhnədə – Yaradıcılıq və texnologiyanın vəhdəti” mövzularında panel müzakirələri aparılıb.
Müzakirələrdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev də çıxış edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər.
Sonda rəsmi çıxışlar və təltifetmə mərasimi ilə tədbir yekunlaşıb.
17 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “İnnovasiya ekosistemi toplantısı” keçirilib.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin innovasiyalar sahəsində aktiv fəaliyyət göstərən 11 müxtəlif inkubasiya və akselerasiya mərkəzinin rəhbərləri iştirak ediblər.
Dövlət Agentliyinin sədri innovasiyalar sahəsində ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyatı qurumlar tərəfindən əhəmiyyətli işlərin görüldüyünü bildirib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, Dövlət Agentliyi tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq dövlət xidmətləri, rəqəmsal hökumət və sosial sahədə bir sıra innovasiyalar tətbiq edilib. Bildirilib ki, ölkə rəhbərliyinin iştirakı ilə açılışı həyata keçirilən “INNOLAND” Mərkəzində bu günə kimi formalaşdırılan imkanlardan bütün ekosistem oyunçuları bərabər şəkildə istifadə edə bilərlər.
Görüşdə ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, əlverişli qanunvericilik və maliyyələşmə mexanizimlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ekosistem oyunçuları innovativ texnologiyalar sahəsində mümkün perspektivləri və yeni çağırışları da müzakirə ediblər. Onlar bu cür formatda görüşlərin keçirilməsinin və yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini vurğulayıblar.
Həmçinin gələcək planlar və əməkdaşlıqlar barədə danışılıb, bir sıra qərarlar qəbul olunub.
“Green Hackathon 2024” proqramının iştirakçıları üçün təlimlər davam edir.
Təlimdə iştirak edən gənclərə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov hakatonun gedişatı və ümumi prosesi haqqında məlumat verib.
Daha sonra “Bilişim Vadisi” texnologiya mərkəzinin ekspertləri Serhat Duyar və Qamət Kərimov müsabiqə iştirakçılarına “Sahibkarlığa giriş: ideyadan startapa” mövzusunda danışıb.
Həmçinin əsas sahibkarlıq bacarıqları, komanda qurma, idarəetmə və liderlik, "lean" startap, qloballaşma, fikirdən biznes modelinə keçid mövzularından bəhs olunub. İştirakçılar komandalara bölünərək qrup işi həyata keçirib.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi hakatonun təşkilatçılarındandır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə baş tutan mükafatlandırmanın qalibləri sırasında “İnnovasiyalar Mərkəzi”nin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri, əməkdaşları da var.
Belə ki, “İlin İnfluenceri” mükafatının qalibi “İnnovasiyalar Mərkəzi”nin əməkdaşı Tariyel Ağazadə, “İlin İnnovasiya Ekosistemi Təmsilçisi” və “İlin startapı” mükafatlarının qalibləri isə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “SUP.VC” və “NextSale” layihələri olub.
Qeyd edək ki, “COVID-19 üzrə aparıcı həll təqdimatçısı” mükafatının qalibi olan "Sumaks Technologies” şirkəti də “INNOLAND”in rezidenti olub.