V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir
Proqram çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Ali Neft Məktəbində görüşlər təşkil olunub. Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Keçirilən infosessiyalarda ümumilikdə 400-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.
Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz: https://gub.icenter.az/home
"NeecroLearn" intensiv təlim və oyun inkubasiya proqramının II mərhələsi çərçivəsində netvörkinq görüşləri davam edir. Bu dəfə proqram iştirakçıları qlobal oyun sənayesinin aparıcı şirkətlərindən biri olan "Xsolla"nın nümayəndəsi Nikita Yudin ilə görüşüblər. Görüş zamanı iştirakçılara "Xsolla"nın fəaliyyəti, oyun layihələrinin inkişafı, qlobal oyun sənayesində mövcud imkanlar və beynəlxalq bazarlara çıxış yolları haqqında məlumat verilib. Tədbir interaktiv müzakirə formatında keçirilib və iştirakçılar suallarını birbaşa şirkət nümayəndəsinə ünvanlandırıblar. INNOLAND olaraq gənclərin oyun sənayesində inkişafını və beynəlxalq ekosistemə inteqrasiyasını dəstəkləməyə davam edirik.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi “AzerGold” QSC ilə birgə Akselerasiya Proqramına başlayıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Xəyyam Fərzəliyevin iştirakı ilə tərəflər arasında görüş keçirilib.
Akselerasiya Proqramı haqqında tərəflər ikitərəfli müqavilə imzalayıblar. Əməkdaşlığın əsas məqsədi sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin inqilabi startaplarını bir araya gətirmək, sənaye ilə bağlı yenilikləri təşviq etmək və prosesləri optimallaşdırmaqdır.
Tərəflər arasında əldə olunan razılığa əsasən, akselerasiya proqramında dağ-mədən sənayesində və “AzerGold” QSC-də prosesləri optimallaşdıran, mövcud potensialı inkişaf etdirən, peşəkar bilikləri artıran, aparıcı texnologiyalardan, avadanlıqlardan və həll yollarından istifadə edən startaplar iştirak edə bilər.
Dağ-mədən sənayesi üçün innovativ həllər təqdim etməklə yanaşı, startaplar “AzerGold” QSC-nin təşkilati ehtiyacları üçün, o cümlədən geologiya, insan resurslarının idarəolunması, rəqəmsallaşdırma, hüquq, maliyyə və digər sahələr üzrə həllər təklif edəcək.
Nəticədə Akselerasiya proqramını uğurla bitirən startaplar “AzerGold” QSC ilə birbaşa əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, SUP VC-nin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Azərbaycan startaplara verilən dəstək” mövzusunda INNOSTART adlı panel müzakirə təşkil olunub.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov, UNEC İnkubasiya Mərkəzinin direktoru Mübariz Şahbazlı və NDU IT şöbəsinin müdiri Hüseyn Əsgərlinin spiker qismində çıxış etdiyi panelin əsas məqsədi region gənclərini innovasiya və startap imkanları ilə yaxından tanış etmək və onları bu sahəyə təşviq etmək olub. Panel zamanı startaplara göstərilən dövlət dəstəyi mexanizmləri, investisiya imkanları və innovasiya mühiti ətrafında geniş fikir mübadiləsi aparılıb.