“RoboCode III” robotik kodlama düşərgəsi çərçivəsində ikinci təlim keçirilib.
“ROS2 düyün və mövzu quruluşunun təhlili və praktiki tətbiqi” mövzusunda keçirilən təlimdə iştirakçılar ROS2-də düyün məntiqini, mövzu üzərindən mesaj axınının idarə olunmasını və “publisher-subscriber” modelinin iş prinsipini praktiki nümunələrlə araşdırdılar. Təlim zamanı real ssenarilər əsasında mesaj ötürülməsi və sistem daxilində kommunikasiya prosesinin qurulması üzərində iş aparıldı. İştirakçılar həm nəzəri çərçivəni mənimsədi, həm də kod üzərində tətbiq edərək biliklərini dərinləşdirdi.
Salyan “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirdiyimiz 3 günlük təlim başa çatdı. "İdeyadan investisiyaya" adlı 3 modullu təlim proqramında iştirakçılara:
İdeya generasiyası
Startap ekosistemi - ənənəvi biznesdən fərqlər
Təqdimat bacarıqları - Nə? Harada? Nə zaman? mövzularında məlumatlar verildi.
Həmçinin, hər modula uyğun vörkşoplar təşkil edildi, iştirakçılar komanda şəklində müxtəlif tapşırıqları icra etdilər.
"ADA School" şagirdləri üçün INNOLAND və "Bilim Bakı" mərkəzlərinə info tur təşkil olunub. İnfo tur çərçivəsində "ADA School"un 7, 8 və 9-cu sinif şagirdləri əvvəlcə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində startap ekosistemi, innovativ layihələr və rezident startapların fəaliyyəti haqqında məlumat əldə edərək real innovasiya mühitini yaxından müşahidə ediblər. Daha sonra "Bilim Bakı" mərkəzinin fəaliyyət istiqamətləri, laboratoriyaları və texnoloji imkanları ilə tanış olublar. Proqramın sonunda isə "Neecro Projects" oyun studiyasının təsisçisi Şamil Namazov tərəfindən "Oyun hazırlama" mövzusunda keçirilən təlimdə şagirdlərə "game development" sahəsinin imkanları və bu istiqamətdə ilk addımlar haqqında praktiki biliklər təqdim olunub.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə keçirilən AgroTech Hackathon tədbirində iştirak ediblər.
Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan "AgroTech Workshop" tədbiri innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunub.
Tədbirin açılışında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov da çıxış edərək Mərkəzin startap və innovasiya ekosisteminə verdiyi töhfələrdən danışıb.
Həmçinin Mərkəzin startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev tədbir çərçivəsində keçirilən "AgroTech hackathon"da münsiflər heyəti qismində iştirak edib.
Tədbirdə iştirakçılara kənd təsərrüfatında innovasiyaların tətbiqi, vertikal əkinçilik, yeni trendlərin izlənməsi mövzularında məlumat verilib. Tədbirə qatılanlar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyiblər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən "Desafio", "AgroTech 1", "Bayraqdar" komandaları ilk üçlükdə yer alaraq qalib olublar.
Qeyd edək ki, INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.