"INNOLAND"in rezidenti "Digital Startup Awards 2025"də uğurla təmsil olunub!
12-13 dekabr tarixində Daşkənd şəhərində Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar Nazirliyi, "IT Park Uzbekistan" və "IT Park Ventures"in birgə təşkilatçılığı ilə beynəlxalq "Digital Startup Awards" proqramının böyük finalı keçirilib. Mərkəzi Avrasiya regionunun ən iri startap təşəbbüslərindən biri olan proqramın ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edib. İnkubasiya proqramı üzrə isə Azərbaycanı təmsil edən rezident startapımız "Lingozy" 10 min ABŞ dolları məbləğində mükafat əldə edib. Qeyd edək ki, Azərbaycandan qatılan startaplar ümumilikdə 70 min ABŞ dolları məbləğində qrant qazanıblar. Akselerasiya proqramı üzrə "Recepta" startapı 50 min ABŞ dolları, İnkubasiya proqramı üzrə "SnackPack AZ" startapı 10 min ABŞ dolları mükafat əldə ediblər. Bundan əlavə, "Best Startup Project" kateqoriyası üzrə final mərhələsinə Azərbaycanı "StarkidStories" və "Tryverse" startapları təmsil edib. İnkubasiya proqramında iştirak haqqı qazanmış digər Azərbaycan startapları isə "Crable", "himate.az" və "OLSUN" olub. "Digital Startup Awards" proqramı regional startap ekosistemləri arasında əməkdaşlığı gücləndirərək Azərbaycan startaplarının beynəlxalq miqyasda tanınmasına və yeni inkişaf imkanları əldə etməsinə töhfə verib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin müasir təhsil yanaşmaları ilə tanışlığı və innovativ düşüncələrinin inkişafı məqsədilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və ADPU ENACTUS komandasının birgə təşkilatçılığı ilə bir sıra maarifləndirici sessiyalar təşkil olunub. Sessiyalarda tanınmış mütəxəssislər tədris prosesində yeni metod və alətlərin tətbiqi, layihə əsaslı və oyun əsaslı öyrənmənin tədrisdə rolu, eləcə də rəqəmsal platformalardan istifadənin perspektivləri haqqında ətraflı məlumat veriblər. 16 may tarixində baş tutan “Online Təhsil Platforması” adlı sessiyada ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov açılış nitqi ilə çıxış edib. Görüşdə “Safavy” platformasının təsisçisi Könül Quliyeva onlayn təhsilin inkişaf dinamikası və tətbiq imkanları barədə təqdimatla çıxış edib. 19 may tarixində keçirilən “Gələcəyin təhsili: Layihə əsaslı öyrənməyə keçid” sessiyasında çıxış edən “Taskool” platformasının təsisçisi Nəriman Qarayev layihə əsaslı təhsil modelinin mahiyyəti və tədrisdəki effektivliyi ilə bağlı praktik nümunələr əsasında tələbələrlə müzakirə aparıb. Tədbirin açılışını ADPU ENACTUS komandasının rəhbəri Şahin Məmmədli, təqdimat hissəsini isə Aytac Abbasova həyata keçirib. 20 may tarixində baş tutan “Məktəbdə interaktiv oyunlardan istifadənin yolları” adlı sessiyanın açılışını komandanın koordinatoru Zenfira Seyidova həyata keçirib. “Bilim Bakı” mərkəzinin müəllimi Aynur Hüseynova tədrisdə oyun metodikasının tətbiqi və şagird motivasiyasının artırılmasına dair praktiki tövsiyələrini bölüşüb. Sessiyalar tələbələrin böyük marağı ilə qarşılanıb və hər üç görüş interaktiv müzakirələr, sual-cavab sessiyaları formasında keçib.
"INNOLAND"in tərəfdaşlığı ilə "Digital Startup Awards" beynəlxalq müsabiqəsinə qeydiyyat davam edir!
"Ən yaxşı startap" kateqoriyası üzrə yetkin Seed və Series A mərhələsində olan startaplar üçün nəzərdə tutulan bu proqram 9 ölkəni əhatə edir.
Hər ölkədən 2 finalçı seçilərək Daşkənddə keçiriləcək böyük finalda iştirak edəcək!
Ümumi iştirakçılar arasında ən azı 15%-i qadınlar tərəfindən idarə olunan startaplardır. Qadınların rəhbərlik etdiyi komandalar üçün xüsusi onlayn yarımfinal mərhələsi keçiriləcək.
Proqramlar KPI əsaslıdır – yəni nəticə yönümlü dəstək və inkişaf imkanı təklif olunur.
Qeydiyyat və ətraflı məlumat üçün: startupbase.uz/en/digital-startup-awards
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “SUP” Startap Akseleratorunun qış akselerasiya proqramının iştirakçıları olan “Nextsale” və “Whelp” startaplarına toxum investisiyaları verilib.
Həmin startaplara qoyulan investisiya “Azfinans” İnvestisiya Şirkəti, “Next Step” İnnovasiya Mərkəzi və “Xəzər Vençurs” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.