Azərbaycanda “Rəqəmsal Startap Mükafatları” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi”nin və “Sabah Hub”ın tərəfdaşlığı ilə “Rəqəmsal Startap Mükafatları” beynəlxalq müsabiqəsinin “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə Azərbaycan yarımfinalı uğurla baş tutub.
Yarımfinal mərhələsində ölkəmizi təmsil edən 20 innovativ startap layihəsi iştirak edib. Startap komandaları layihələrini münsiflər heyətinə təqdim edərək biznes modelləri, texnoloji yenilikləri və bazar potensialı kimi meyarlar üzrə qiymətləndirilib.
“Rəqəmsal Startap Mükafatları” proqramı regionun startap ekosistemində çoxpilləli inkişaf mexanizmini formalaşdıran, mərhələli seçim sistemi ilə fərqlənən beynəlxalq təşəbbüsdür. Proqramın üç əsas mərhələsindən biri olan “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə iki layihə — “StarKidsStories” və “Tryverse” qalib elan edilib.
“StarKidsStories” süni intellekt texnologiyalarına əsaslanaraq fərdiləşdirilmiş uşaq hekayə kitabları yaradan innovativ startapdır. Layihə miqyaslana bilən modeli və yüksək mənfəət potensialı ilə seçilir.
“Tryverse” isə fiziki məhsulların onlayn satışını artırmaq məqsədilə 3D və artırılmış reallıq (AR) texnologiyalarını birləşdirən platformadır.
Bu iki startap layihəsi Özbəkistanda keçiriləcək beynəlxalq final mərhələsində 9 ölkədən olan ən perspektivli startaplarla mübarizə aparmaq imkanı qazanıb.
Startaplar yarımfinal mərhələsi üçün təxminən 100-ə yaxın müraciət arasından seçilib və nüfuzlu münsiflər heyəti üzvləri və ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmədə aşağıdakı şəxslər iştirak ediblər:
İT Park Ventures-in direktor müavini Dalerkhon Nodirov,
UNEC Startap İnkubatorunun rəhbəri Mübariz Şahbazlı
Sabah Fondu adından investisiya mütəxəssisi Məsud Alisoy.
Bundan əlavə, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzini təmsil edən Akademi Group-un icraçı direktoru Elşad Məmmədzadə EdTech startaplarını təhsil innovasiyaları üzrə ekspert münsif kimi dəyərləndirib.
Ümumilikdə müsabiqəyə Azərbaycan üzrə 150-dən çox startap müraciət edib. “Rəqəmsal Startap Mükafatı” proqramı “IT Park Özbəkistan”ın innovasiya platforması "StartupBase" tərəfindən təşkil olunur. Proqramın məqsədi Mərkəzi Asiya və Qafqaz regionlarında rəqəmsal innovasiyaları təşviq etmək, startap ekosisteminin inkişafına dəstək vermək və gənc sahibkarların beynəlxalq səviyyədə tanınmasına şərait yaratmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin 5 rezidenti Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya proqramına qəbul edilib.
Hazırda İstanbul Texniki Universiteti Türkiyədə startap müraciətlərinin sayına görə ilk yerdədir. Müvafiq sahədə ölkənin ən nüfuzlu proqramlarının təşəbbüskarı və icraçısı olan Universitet hər il müxtəlif ölkələrin startaplarına dəstək məqsədilə də qəbul elan edir. Bu il ilk dəfə Azərbaycan startapları da dəyərləndirilib. Nəticədə hər biri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin startapı olan "Topla.az", "Otaqyoldaşı","QReact", "Botbox" və "Nextsale" "ITU Magnet" Akselerasiya proqramına qəbul olunub.
Eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək "Global Game Jam" tədbirinə Azərbaycanda da start verilib. 48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. 48 saat sonra qaliblər elan olunacaq və iştirakçılar dəyərli hədiyyələr əldə edəcəklər.
"Global Game Jam"in keçirilməsində əsas məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.
Tədbirin əsas tərəfdaşları "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, SUP.VC, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Vriendly'dir.
23-26 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti “Havelsan Texnoloji Radar” şirkəti, “ODTÜ Teknokent”, “OSTİM Teknokent”, “Ankara Universiteti Teknokent” və “Bilkent Cyberpark”la qarşılıqlı müzakirələrin aparılması məqsədilə görüşlər keçirib.
Görüşlərdə Dövlət Agentliyinin fəaliyyəti, “ASAN xidmət”, “İnnovasiyalar Mərkəzi” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi haqqında geniş məlumat verilib, ölkəmizdə startap ekosisteminin inkişafı və biznes mühitinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Həmçinin bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.
“ODTÜ Teknokent”, “Bilkent Cyberpark” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumun əsas məqsədi hər iki ölkədə startapların böyüməsini təmin etmək, yerli bazarda böyümək istəyən sahibkarları qarşılıqlı dəstəkləmək, bu sahədə tədqiqat və inkişaf işləri aparmaqdır. Eyni zamanda qeyd olunan işlərin icrası üçün zəruri infrastrukturun yaradılması, startap ekosisteminə töhfə verəcək birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.