“İnnovasiyalar Mərkəzi”ndə Yüksək Texnologiyalar Parkının nümayəndələri ilə görüş keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə “İnnovasiyalar Mərkəzi”nin və Yüksək Texnologiyalar Parkının fəaliyyəti, “SABAH.city” innovasiya şəhərciyi layihəsi, eləcə də mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər gələcəkdə innovasiya ekosisteminin inkişafı, gənclərin yüksək texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması, startap layihələrinin dəstəklənməsi istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər. Görüş çərçivəsində qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, iLab, ASAN İnnovativ İnkişaf Mərkəzi və "Bilim Azərbaycan" layihəsinin fəaliyyəti ilə yerində tanış olublar. Qonaqlara mərkəzlərin həyata keçirdiyi layihələr, rezident startaplar və innovativ təşəbbüslər haqqında ətraflı məlumat verilib.
Məhsuldan “Demo Day”ə mövzusunda vebinar keçirilib. Vebinar zamanı oyun layihələrinin məhsul mərhələsindən “Demo Day”ə qədər keçdiyi yol, bu prosesdə diqqət edilməli əsas məqamlar və praktiki təcrübələr iştirakçılarla bölüşülüb. “Neecro Project Studio”nun təsisçisi Şamil Namazovun moderatorluğu ilə keçirilən görüşdə Nicat Əmiraslanov iştirakçılara İnnolandın fəaliyyəti haqqında məlumat verib.
Daha sonra “Game Design Academia”nın həmtəsisçiləri Egehan Doğan, Nurevşan Doğan və Nihat Baran Menteş mövzu ilə bağlı çıxış edərək öz təcrübələrini və praktiki yanaşmalarını iştirakçılarla bölüşüblər.
Vebinarın sonunda keçirilən sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
14-15 aprel 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Mərkəzi Avrasiya startap ekosistemi, regionun ən yaxşı startapları, investorları və innovativ şirkətlərinin iştirak etdiyi “Mərkəzi Avrasiya Startap Sammiti” keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov iştirak ediblər.
Vüsal Rüstəmov "İnnovasiyalar Mərkəzi"nin ekosistemin inkişafı istiqamətində həyata keçirdiyi layihələr, infrastrukturun formalaşdırılması, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov isə startapların qlobal səviyyədə sərmayə cəlbi, inkişafı, beynəlxalq bazara çıxış imkanları üçün yaradılan fürsətlər, daxili və xarici investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər haqqında danışıb.
Sammitdə Startap Mərkəzi Avrasiya Platformasının təqdimatı nümayiş etdirilib, Mərkəzi Avrasiya regionunda startap ekosistemlərinin inkişafı üzrə ən yaxşı təcrübələr göstərilib və startapçılar üçün tematik təlimlər təşkil olunub. Həmçinin müxtəlif ölkələrin nümayəndələri, investorlar və startaplarla maraqlı müzakirələr aparılması və vacib qərarların qəbulu üçün təkbətək görüşlər keçirilib.
“Startap Mərkəzi Avrasiya Sammiti” BMT-nin İKT sahəsində ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dəstəklənib.
Azərbaycan yenidən dünyanın ən böyük oyun tərtibatı hakatonlarından birinə qoşulur!
"GameJamPlus" bu il 16–18 oktyabr tarixlərində "Gamepons" və "IGDA Azerbaijan" birgə təşkilatçılığı və "INNOLAND"in dəstəyi ilə Azərbaycanda da keçiriləcək.
"GameJamPlus" nədir?
"GameJamPlus" dünyanın 50-dən çox ölkəsindən oyun tərtibatçılarını bir araya gətirən beynəlxalq oyun tərtibatı proqramıdır. İştirakçılar ilk mərhələdə 48 saat ərzində verilən mövzu əsasında oyun prototipi hazırlayırlar. Daha sonra seçilən layihələr inkubasiya, regional mərhələlər, akselerasiya və "Global Final" daxil olmaqla bir neçə mərhələdən keçərək layihələrini daha da inkişaf etdirmək imkanı əldə edirlər. "GameJamPlus" bir neçə mərhələdən ibarətdir: 48 saatlıq "Game Jam", "Incubation", "Continental Semifinals", "Acceleration" və "Global Final". İştirakçılar bu mərhələlər boyunca oyunlarını təkmilləşdirir, layihələrinin təqdimatı üzərində işləyir və beynəlxalq münsiflər qarşısında çıxış etmək imkanı əldə edirlər. Proqramın sonunda seçilən layihələr Global Final mərhələsində bir araya gəlir.
Qeydiyyat "GameJamPlus"ın rəsmi saytı üzərindən aparılır. Qeydiyyatdan keçmək və proqram haqqında ətraflı məlumat əldə etmək üçün: www.gamejamplus.com
Yerlər məhduddur. Komandanızı formalaşdırın, qeydiyyatdan keçin və öz oyununuzu yaradın!