14 Avqust, 2025

"INNOLAND"də “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub "

"INNOLAND"də “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub.

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Taskool"un birgə təşkilatçılığı ilə 8–11-ci sinif şagirdləri üçün təşkil olunan “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub. Final mərhələsi "INNOLAND"in rezidenti "Taskool"un "Startup School" proqramı çərçivəsində keçirilib. 2025-ci ildə "Startup School" proqramına daxil olan 147 müraciət arasından seçilən 110 iştirakçı tədrisə başlayıb, 58 nəfər isə proqramı uğurla bitirərək 7 əsas sahə üzrə 13 komanda formalaşdırıb. Qlobal səviyyədə sahibkarlıq bacarıqları və maliyyə savadı qazandırmaq məqsədi daşıyan proqram çərçivəsində iştirakçılar real biznes ideyaları üzərində işləyərək startap layihələrini təqdim ediblər. Təcrübəli mentorların dəstəyi ilə hazırlanan layihələr süni intellekt, "FinTech", "GreenTech", "HealthTech", "AgriTech", "Gaming" və "E-ticarət" istiqamətlərini əhatə edib. Final mərhələsində çıxış edən 13 komanda öz innovativ ideyaları, kreativ yanaşmaları və təqdimat bacarıqları ilə münsiflər heyətinin diqqətini cəlb ediblər. Sonda "Speacdeaf", "Tutor AI", "Mindmark" komandalarının startap layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub. Proqramı uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim edilib. "Startup School" proqramı Azərbaycanın gələcək startap liderləri üçün möhkəm baza formalaşdıraraq ölkə üzrə innovasiya mədəniyyətini təşviq edir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

230 gəncin iştirakı ilə V “TUSİ” inkubasiya proqramına start verildi

230 gəncin iştirakı ilə V “TUSİ” inkubasiya proqramına start verildi!
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində V “TUSİ” inkubasiya proqramına start verilib.
Proqramın ilk günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Açılış tədbirində 230-a yaxın gəncin iştirakı qeydə alınıb.
Proqram çərçivəsində ilk təlim “Fikrin inkişaf etdirilməsi və təsdiqlənməsi” mövzusunda təşkil olunub. Təlim zamanı iştirakçılara ideyaların formalaşdırılması, inkişaf potensialının qiymətləndirilməsi, düzgün istiqamətin müəyyənləşdirilməsi və ilkin mərhələdə yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib.
Proqramın əsas məqsədi iştirakçıların startap ideyalarını inkişaf etdirərək bazara çıxarıla biləcək səviyyəyə çatdırmaq, eyni zamanda onları mentorluq, ekspert dəstəyi və şəbəkələşmə imkanları ilə təmin etməkdir.
V “TUSİ” inkubasiya proqramına layihənin veb platforması vasitəsilə 600 nəfər qeydiyyatdan keçib. Seçilmiş iştirakçılar 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramına cəlb olunacaqlar.
“Gələcək üçün bacarıqlar” layihəsi innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, gənclərin ideyalarının inkişafına dəstək göstərilməsi və onların ölkənin texnoloji inkişafına töhfə verəcək istiqamətlərə yönləndirilməsini hədəfləyir.
Ətraflı oxu
innoland news image

Pandemiya dövründə qadın təşəbbüskarların fəaliyyəti mövzusunda görüş keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 12 iyun tarixində “Startup Grind - Ganja” tədbiri baş tutacaq.

Görüşdə “Mogan Hotel Baku"nun satış və marketing direktoru Həvva Səfərova, "Femigrants"ın qurucusu Aytəkin Əliyeva, "Destin AI"ın həmtəsisçisi Nərgiz Məmmədova  startapının təsisçisi çıxış edəcək. Onlar “Pandemiya dövründə qadın təşəbbüskarların fəaliyyəti” mövzusunda öz təcrübələrini, məsləhətlərini paylaşacaq.

Moderator "INNOLAND"in direktoru Məmməd Kərim olacaq.

"Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb. 

Tədbir “Facebook – live“ vasitəsilə baş tutacaq. 

Ətraflı oxu
innoland news image

"INNOLAND"in rezidenti koronavirusla bağlı çatbot yaradıb

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti  "Botbox"​ tərəfindən regionda ilk dəfə doğma dilimizdə "COVID-19" ilə bağlı çatbot "WhatsApp" və "Facebook Messenger​" üzərindən istifadəyə verilib.

Çatbot 24/7 rejimində insan müdaxiləsinə ehtiyac olmadan vətəndaşlarımızı dünyada və ölkədə koronavirusla bağlı olan statistik məlumatlarla real zamanda tanış edir. Bu məlumatlar rəsmi qaynaqlardan APİ-lər vasitəsi ilə toplanır, WhatsApp və ya Facebook bildirişi şəklində təqdim olunur.

Həmçinin, Botbox çatbotu pandemiyadan qorunmaq üçün gündəlik diqqət olunması vacib sayılan məsləhətləri, məsafədən effektiv çalışmaq üçün faydalı olacaq internet resurslar haqqında məlumatları da əhalinin şəxsi və iş məqsədi ilə ən çox istifadə etdiyi iki tətbiq üzərindən onlarla bölüşür.

Qeyd edək ki, mesajlaşma və sosial şəbəkə tətbiqləri həyatımıza ən çox nüfüz edən rəqəmsal platformalar olduğundan, məhz bu tətbiqlər üzərindən böyük kütlə ilə kommunikasiya qurmaq çox effektiv sayılır. Buna görə də Dünya Səhiyyə Təşkilatı və Facebook tərəfindən birgə hazırlanmış COVID-19 ingilisdilli çatbotu bir neçə gün ərzində miliyonlarla insan tərəfindən istifadə edilib. 

Azərbaycan da regionun ən sürətli rəqəmsallaşan iqtisadiyyatlarından birinə sahib olan ölkə kimi innovativ texnologiyaların sosial və biznes yönümlü faydalarından yararlanmağı hər zaman aktual saxlamışdır.

Təsadüfi deyil ki, bu çatbotu ərsəyə gətirən ​Botbox startapı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin rezidentidir.

COVID-19 WhatsApp botu​ ​| ​Messenger botu üçün kliklə

 

Ətraflı oxu