1-3 may tarixlərində Azərbaycan Texniki Universiteti, Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan və Türkiyə universitetləri arasında "Virtual Hackathon - 2020" müsabiqəsi baş tutacaq.
Müsabiqədə əsasən səhiyyə, təhsil, əyləncə və sosial mövzu sahəsində olan ideyalar yarışacaq. Hakaton zamanı Slack və Youtube platformalarından istifadə ediləcək.
Qalib komandalar https://bit.ly/2YnScOz facebook səhifəsində canlı yayımda elan olunacaq.
İlk 3 yeri tutmuş komandaya "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 3 aylıq İnkubasiya xidməti veriləcək.
Həmçinin pul mükafatı və müxtəlif hədiyyələr təqdim olunacaq.
“StartupFest 2019” çərçivəsində “İnnovasiya ekosistemi: Növbəti addımlar nədir” mövzusunda panel sessiya təşkil olunub.
Bu paneldə innovasiya ekosisteminin daha yaxşı inkişafı üçün zəruri olan elementlər əhatə olunub. Həmçinin Azərbaycanda innovasiya mühitinin gələcəyi üçün müxtəlif perspektivlər üzrə müzakirələr aparılıb.
Sessiyada “212 Venture Capital Film”in İcraçı direktoru Numan Numan, “GVI”nin təsisçisi Kolin M. Donohue, “AvroAsiya Startap Mükafatı”nın İcraçı direktoru Atilla Sandor, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, tədris və konsaltinq departamentinin müdiri Cəlal Rəhimov, “Agha” Qrup – Apollo layihəsinin rəhbəri İmran Bağırov və “Hackquarters”in İcraçı direktoru Kaan Akın çıxış ediblər.
Sessiyanın moderatoru “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Məmməd Kərimov olub.
“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.
Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V Gənclər Düşərgəsində iştirakçılar üçün “İnnovasiya və süni intellekt” mövzusunda təlim keçib.
Təlim zamanı iştirakçılara innovasiya ekosisteminin formalaşması, yaradıcı düşüncənin və problemlərin həllində innovativ yanaşmaların əhəmiyyəti, həmçinin süni intellekt texnologiyalarının gündəlik həyata, təhsilə və əmək bazarına təsiri barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçılar arasında qrup işləri təşkil olunub. Komandalar şəklində çalışan iştirakçılar müxtəlif tapşırıqlar üzərində işləyərək innovativ ideyalar hazırlayıb və təqdim ediblər.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə keçirilən AgroTech Hackathon tədbirində iştirak ediblər.
Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan "AgroTech Workshop" tədbiri innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunub.
Tədbirin açılışında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov da çıxış edərək Mərkəzin startap və innovasiya ekosisteminə verdiyi töhfələrdən danışıb.
Həmçinin Mərkəzin startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev tədbir çərçivəsində keçirilən "AgroTech hackathon"da münsiflər heyəti qismində iştirak edib.
Tədbirdə iştirakçılara kənd təsərrüfatında innovasiyaların tətbiqi, vertikal əkinçilik, yeni trendlərin izlənməsi mövzularında məlumat verilib. Tədbirə qatılanlar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyiblər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən "Desafio", "AgroTech 1", "Bayraqdar" komandaları ilk üçlükdə yer alaraq qalib olublar.
Qeyd edək ki, INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.