10 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Next Step” İnnovasiya Mərkəzi və SUP Startap Akseleratoru arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovorkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi üzrə birgə əməkdaşlığı əhatə edir. Həmçinin yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması, digər qarşılıqlı tədbirlərin təşkili fəaliyyət istiqamətlərinə daxildir.
Tədbirdə inkubasiya xidmətinin ölkəmizdə dayanıqlı startap ekosisteminin qurulmasındakı əhəmiyyəti, həmçinin akselerasiya xidmətinin ölkə hüdudlarından kənarda yeni milli startap brendlərinin formalaşmasındakı rolu qeyd edilib.
30 avqust tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində "Nextstep" İnnovasiya Mərkəzinin tərəfdaşlığı, Asiya İnkişaf Bankının Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) dəstəyi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən startapçılar üçün "Demo Day" təşkil olunub.
Məqsəd investorlarla potensial startapları bir araya gətirərmək, innovasiya ekosisteminə inteqrasiyanı, yerli və regional startaplara sərmayə yatırmalarını təşkil etməkdir.
Hər birində 3 gün olmaqla Qazaxıstan, Özbəkistan və Azərbaycanda baş tutan butkampların yekunu olaraq keçirilən tədbirdə həm yerli, həm də beynəlxalq investorlar, iştirakçılar arasından seçilmiş 5 startap və “INNOLAND"in rezidentləri iştirak ediblər.
Çıxışçılar ekosistem nümayəndələrinə layihələrinin komponentləri, gedişatı və növbəti mərhələləri, zəruri investisiya ehtiyacları barədə məlumat verib və onlarla birgə iş mexanizmləri haqqında müzakirələr aparıblar.
Layihə Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilib.
Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon”a start verilib.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edəcək.
Tədbirin ilk 2 günü iştirakçılar “Startap nədir?” “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar.
Növbəti 3 gün ərzində iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
Sonda qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandalara notbuk təqdim ediləcək.
Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.
Noyabrın 21-26-da ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “StartupFest 2019” adı altında startapları əhatə edən beynəlxalq festival başa çatıb.
1000-dən çox iştirakçının qatıldığı “StartupFest 2019” ümumilikdə 9 tədbiri əhatə edib. 1 həftə davam edən festivalda startapları əhatə edən 40 mövzu müzakirə olunub.
Bakı və Gəncə şəhərlərini əhatə edən festival çərçivəsində Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, İspaniya, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı, Gürcüstan, Macarıstan, Ukrayna və Belçikadan olan spikerlər öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, “StartupFest 2019″un əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.