Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon”a start verilib.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edəcək.
Tədbirin ilk 2 günü iştirakçılar “Startap nədir?” “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar.
Növbəti 3 gün ərzində iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
Sonda qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandalara notbuk təqdim ediləcək.
Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.
“Youth Inc.” Sahibkarlıq Proqramı və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim imzalayıblar.
Memorandum hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub.
Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.
“Strategiya və Maliyyə” butkampı start götürdü.
Butkampın ilk dərsi peşəkar məsləhətçi Dr. İbrahim Can tərəfindən keçirildi.
“Startap, marketinq və strategiya” mövzusuna həsr olunan təlimdə aşağıdakı istiqamətlər üzrə məlumatlar təqdim olundu:
Startap ekosistemi və strateji hədəflər
Bazarda düzgün mövqelənmə
Effektiv marketinq planlaması
Təlim interaktiv müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşdı.
Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydının rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub.
Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN Xidmətin, ABAD və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.