30 İyul, 2026

“NeecroLearn” oyun inkubasiya proqramında netvörkinq və təcrübə mübadiləsi görüşləri davam edir

“NeecroLearn” oyun inkubasiya proqramında netvörkinq və təcrübə mübadiləsi görüşləri davam edir.

Proqramın II mərhələsi çərçivəsində təşkil olunan növbəti netvörkinq və təcrübə mübadiləsi görüşünün qonağı "M3DS Academy" və "Vertpaint Studios"un 3D oyun rəssamı Cavid Şükürlü olub. "Portfolio yaradılması və xaricdə iş axtarışı" mövzusunda çıxış edən Cavid Şükürlü peşəkar portfolionun hazırlanması, işəgötürənlərin diqqətini cəlb edən əsas məqamlar və beynəlxalq oyun sənayesində karyera imkanları ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“StartupFest 2019”un açılış mərasimi keçirilib

25 noyabr 2019-cu il tarixində “StartupFest 2019” adı altında startapları əhatə edən beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “StartupFest 2019” festivalı çərçivəsində Bakı və Gəncə şəhərində nəzərdə tutulan tədbirlər, panel sessiyaları barədə məlumat verib. Həmçinin texnologiyaların sürətli inkişafı sahəsində trendlərin insan həyatına, dövlət xidmətlərinin göstərilməsinə təsiri, ölkəmizdə rəqəmsal transformasiya, dövlət tərəfindən atılmış addımlar və gələcəyə baxış diqqətə çatdırılıb.

Açılış mərasimindən sonra “Dövlət sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda müzakirələr aparılıb.

Bu paneldə dövlət sektorunda rəqəmsal transformasiya və bu sahədə görülən işlər barədə müzakirələr aparılıb. Həmçinin rəqəmsal transformasiyanın dövlət sektorunda tətbiqi, rəqəmsal texnologiyaların yaratdığı perspektivlərin və metodların dövlət idarəçiliyində istifadəsi məsələlərinə toxunulub.

Sessiyada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova,   “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov, “Türksat”ın Elektron Hökumət və İnformasiya Cəmiyyətinin direktoru Əhməd Yapıcı çıxış ediblər.

Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov olub.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və  Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Ətraflı oxu
innoland news image

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

9 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Gamepons" və "WePlay Ventures" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq oyun tərtibatçıları üçün “Demo day” keçirilib.


Tədbirdə həm yerli, həm də beynəlxalq investorlar olan dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri, “INNOLAND”in rezidenti olan və digər startaplar iştirak ediblər.
“Demo day”də  "FM Studio", "Metamad Studio", "Seven Heart Stories" və "Return Game Studio" startapları  investorlar qarşısında  təqdimatlarında keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.


“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam  mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Oyun tərtibatçılarını və studiyalarını dəstəkləyən icma qurucusu və inkubasiya mərkəzi "Gamepons", "WePlay Ventures"dan Azərbaycanda və Mərkəzi Asiyada oyun ekosistemi qurmaq, oyun startapları inkubasiya etmək, müxtəlif beynəlxalq konfrans və tədbirlər keçirmək üçün investisiya alıb. "Gamepons" müxtəlif tədbirlər və konfranslar vasitəsilə xarici təcrübəni Azərbaycana  gətirməklə yanaşı, həm də  oyun studiyaları ilə əməkdaşlıq edərək onların inkişafına köməklik göstərir. 


"Weplay Ventures" isə Şərqi Avropa və Mərkəzi Asiyada ilkin mərhələdə oyun studiyalarına sərmayə qoyur.

Ətraflı oxu
innoland news image

"Green Hackathon 2024"-un yekun tədbiri keçirildi və qaliblər elan olunub

"Green Hackathon 2024"-un yekun tədbiri keçirildi və qaliblər elan olunub.

Final mərhələsində 30-dan çox yerli universitetdən 87 innovativ gənc 20 komanda tərkibində öz ideyalarını təqdim edib.

İnnovativ soyutma sistemi ilə günəş panellərinin səmərəliliyini artırmağı hədəfləyən "Greenix" komandasi öz ideyası ilə 1-ci yerə, sənayedən buraxılan su tullantılarını ağır metallardan təmizləyən startap ideyası ilə "Envirominds "komandası 2-ci yerə və kənd təsərrüfatında dron vasitəsiilə aparılan əkin sahələrinin avtonom analiz və monitorinq həlli ilə "AgroGuard" komandası 3-cü yerə layiq görülüb.

Qaliblərə müxtəlif pul mükafatları verilib və sertifikatlar təqdim olunub.

Tədbirdə Asiya İnkişaf Bankının ölkədəki nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal (AİB), İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.

Qeyd edək ki, müsabiqə AİB, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Hakaton AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardımı çərçivəsində təşkil olunub. Texniki Yardım Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.

Ətraflı oxu