Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin 5 rezidenti Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya proqramına qəbul edilib.
Hazırda İstanbul Texniki Universiteti Türkiyədə startap müraciətlərinin sayına görə ilk yerdədir. Müvafiq sahədə ölkənin ən nüfuzlu proqramlarının təşəbbüskarı və icraçısı olan Universitet hər il müxtəlif ölkələrin startaplarına dəstək məqsədilə də qəbul elan edir. Bu il ilk dəfə Azərbaycan startapları da dəyərləndirilib. Nəticədə hər biri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin startapı olan "Topla.az", "Otaqyoldaşı","QReact", "Botbox" və "Nextsale" "ITU Magnet" Akselerasiya proqramına qəbul olunub.
"INNOLAND"in rezidenti "E-legal" startapı uğurla "exit" edib!
Azərbaycanın hüquq texnologiyaları sahəsində öz yanaşması ilə seçilən və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmuş "E-Legal" startapı ABŞ-da uğurla exit edib!
Təsisçisi Səmayə Həbibova olan "E-Legal" startapı hüquqi xidmətləri rəqəmsallaşdıraraq istifadəçilərə müqavilə hazırlığı, hüquqi sənədlərin avtomatlaşdırılması və onlayn məsləhət kimi imkanlar təqdim edir. 2023-cü ildə "E‑legal" ilə "ASAN xidmət" arasında 10 illik müqavilə imzalanıb. Bu anlaşma çərçivəsində ölkə üzrə 29 "ASAN xidmət" mərkəzində rəqəmsal hüquqi xidmət köşklərinin quraşdırılması planlaşdırılır.
"E-legal" komandasını təbrik edir və gələcəkdə daha böyük nailiyyətlər əldə etməyi arzulayırıq!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “AzerGold” QSC-nin birgə Akselerasiya proqramına seçimlər başa çatıb.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 8 startapdan 5-i yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanıb.
Seçimlərdən uğurla keçən “Join B2B”, “Buqelemun”, “Təmiz hava”, “Günəş-Bioqaz qurğuları” və “Kitablı” komandaları “INNOLAND“də öz layihələrini reallaşdırmaq şansı əldə ediblər.
Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirində iştirak edəcəklər.
Birgə Akselerasiya proqramına 14 oktyabrda start veriləcək.
1-3 may tarixlərində Azərbaycan Texniki Universiteti, Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan və Türkiyə universitetləri arasında "Virtual Hackathon - 2020" müsabiqəsi keçirilib.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən komandalardan "Corowarner", "AztuComan", "RFID" və "Academy Azerbaijan" komandaları ən yüksək bal toplayaraq qalib olublar.
Qalib komandalar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 3 aylıq İnkubasiya xidməti əldə ediblər.
Həmçinin pul mükafatı və müxtəlif hədiyyələrlə mükafatlanıblar.