“Yay Fest 2025” çərçivəsində iştirakçılarla “İdeyadan imzaya: Suveren düşüncə, yerli innovativ təşəbbüs” adlı panel müzakirə baş tutub. Müzakirədə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev çıxış edib.
Panel çərçivəsində iştirakçılara startap quruculuğu, uğurlu ideyaların formalaşması, bu prosesdə süni zəka alətlərinin rolu ilə bağlı geniş məlumat verilib. Panel gənclərin iştirakı ilə interaktiv müzakirə ilə davam edib.
"NeecroLearn" intensiv təlim və oyun inkubasiya proqramının II mərhələsi çərçivəsində netvörkinq görüşləri davam edir. Bu dəfə proqram iştirakçıları qlobal oyun sənayesinin aparıcı şirkətlərindən biri olan "Xsolla"nın nümayəndəsi Nikita Yudin ilə görüşüblər. Görüş zamanı iştirakçılara "Xsolla"nın fəaliyyəti, oyun layihələrinin inkişafı, qlobal oyun sənayesində mövcud imkanlar və beynəlxalq bazarlara çıxış yolları haqqında məlumat verilib. Tədbir interaktiv müzakirə formatında keçirilib və iştirakçılar suallarını birbaşa şirkət nümayəndəsinə ünvanlandırıblar. INNOLAND olaraq gənclərin oyun sənayesində inkişafını və beynəlxalq ekosistemə inteqrasiyasını dəstəkləməyə davam edirik.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərinə dair təqdimat təşkil olunub.
Tədbirdə “İnnovasiyalar Mərkəzi”nin direktoru vəzifəsini icra edən Vüsal Rüstəmov, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və digər şəxslər iştirak ediblər.
Tədbir zamanı KOBİA tərəfindən mikro və kiçik sahibkarlara verilən və onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi barədə ətraflı məlumat verilib.
Təqdimat zamanı startaplar KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırması mexanizmi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi barədə də məlumatlandırılıb, iştirakçılar Agentliyin dəstək və xidmətlərindən aktiv istifadəyə dəvət olunublar.
Görüşdə, həmçinin iştirakçıların öz startaplarının inkişafı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
“İnnovasiyalar Mərkəzi” innovativ ideyalar bazasının formalaşdırılması ilə yanaşı, sahibkar və vətəndaşların maraqlarına uyğun xidmətlərin göstərilməsini təmin edir, həmçinin innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr həyata keçirir.