“Strategiya və Maliyyə” Butkampı uğurla başa çatdı!
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “I Can Advisory” şirkətinin birgə təşkilatçılığı ilə startaplar üçün təşkil edilən 6 həftəlik intensiv “Strategiya və Maliyyə” butkampı uğurla yekunlaşdı. Proqram müddətində iştirakçılar startapların inkişafı üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlər üzrə təlimlərdə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə etdilər. Təlimlər maliyyə menecmenti və davamlı maliyyə sahəsində ixtisaslaşmış peşəkar məsləhətçi Dr. İbrahim Can tərəfindən keçirildi. Bu butkamp startapların düzgün strategiya qurması, effektiv maliyyə planlaşdırması aparması və davamlı inkişaf etməsi istiqamətində onların bilik və bacarıqlarının gücləndirilməsinə mühüm töhfə verdi.
4-14 iyul 2019-cu il tarixində “INNOLAND“ İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbərliyi ABŞ-ın Kaliforniya ştatında işgüzar səfərdə olub. Səfərin əsas məqsədi dünyanın ən qabaqcıl startap ekosistemi olan Silicon Valley şirkətləri ilə görüşlər, mümkün əməkdaşlıqların müzakirəsi olub. Səfər çərçivəsində “Facebook”, “Google”, “Salesforce”, “Linkedin”, “500 startups” və digər tanınmış şirkətlərlə görüşlər keçirilib.
Həmçinin səfər zamanı “INNOLAND” Mərkəzi və “Global Kinetiks” şirkəti arasında əldə olunan razılaşmaya əsasən cari ilin sentyabr ayından başlayaraq Mərkəzin akselerasiya proqramına qoşulan startaplar üçün “Silicon Valley in Your Pocket” proqramı həyata keçiriləcək. Bu çərçivədə 8 həftəlik mentorluq və birbaşa məsləhət xidmətləri təmin olunacaq.
Proqram rəhbəri Jeff Wallace bu əməkdaşlığın sadəcə Azərbaycan üçün deyil, bütün region üçün körpü rolunu oynaya biləcəyini bildirib.
Car ilin sonunda San Fransisko şəhərində “INNOLAND” nümayəndəliyinin açılması planlaşdırılır. Nümayəndəlik xarici ekspertlərin məsafədən Mərkəzdəki startaplara mentorluğun təşkil olunması, potensiallı yerli startapların xarici bazarlara çıxmasının dəstəklənməsi, investisiyanın cəlb olunması, hüquqi işlər və digər bu növ işlərin təşkili ilə məşğul olacaq.
Gələcək üçün Bacarıqlar layihəsinin "Ovuciçi" startapı "Invest Forum"da qalib olub.
"Invest Forum" ölkədə innovasiya ekosisteminin inkişafına dəstək vermək və startaplarla investorlar arasında əməkdaşlıq körpüsü qurmaq məqsədilə təşkil olunur.
Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin "Özbahçeci İnvest Club"un təşkilatçılığı ilə keçirilən "Invest Forum"da "Gələcək üçün bacarıqlar" layihəsinin "Ovuciçi" və "Vooshii" startapları investorlar qarşısında çıxış edərək öz startapları haqqında məlumat veriblər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən "Ovuciçi" startapı 1-ci yerə layiq görülüb. Tədbir zamanı böyük marağa səbəb olan "Ovuciçi" startapı praktiki yolla şagirdlərin mühəndislik ixtisaslarına marağını artırmaq məqsədilə yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi / Innovations Centerin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin əsas məqsədi innovasiya sahəsində kadr potensialını artırmaq və innovativ fəaliyyətləri dəstəkləməkdir. Layihə çərçivəsində tələbələrə innovativ ideyaların inkişafı üçün dəstək verilir və onların ölkəmizin texnoloji tərəqqisinə töhfə verəcək kəşflər və ixtiralar sahəsinə yönəldilməsi prioritet olaraq seçilib.