Lənkəran regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə “İnnovasiyalar Mərkəzi”nin “INNOLAND” şöbəsinin müdiri Nicat Əmiraslanov və mərkəzin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev tərəfindən 3 günlük təlim proqramı keçirilib.
Təlim müddətində iştirakçılara həm nəzəri, həm də praktiki biliklər təqdim olunub:
İdeya nədir və ideya generasiyası üsulları
Startap anlayışı və startap qurmaq üçün ilk addımlar
Effektiv təqdimat bacarıqları
Süni zəka alətlərindən istifadə yolları və faydaları
Təlimlər interaktiv yanaşma əsasında təşkil olunub. İştirakçılar qrup halında fəaliyyət göstərib, komanda işində iştirak edib, real ssenarilər əsasında tapşırıqlar yerinə yetirib və interaktiv oyunlarla öyrəndiklərini möhkəmləndiriblər.
“StartupFest 2019” çərçivəsində “İnnovasiya ekosistemi: Növbəti addımlar nədir” mövzusunda panel sessiya təşkil olunub.
Bu paneldə innovasiya ekosisteminin daha yaxşı inkişafı üçün zəruri olan elementlər əhatə olunub. Həmçinin Azərbaycanda innovasiya mühitinin gələcəyi üçün müxtəlif perspektivlər üzrə müzakirələr aparılıb.
Sessiyada “212 Venture Capital Film”in İcraçı direktoru Numan Numan, “GVI”nin təsisçisi Kolin M. Donohue, “AvroAsiya Startap Mükafatı”nın İcraçı direktoru Atilla Sandor, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, tədris və konsaltinq departamentinin müdiri Cəlal Rəhimov, “Agha” Qrup – Apollo layihəsinin rəhbəri İmran Bağırov və “Hackquarters”in İcraçı direktoru Kaan Akın çıxış ediblər.
Sessiyanın moderatoru “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Məmməd Kərimov olub.
“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.
Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ADPU Enactus” beynəlxalq proqramının tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub.
Panel müzakirəsindən öncə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, "İnnovasiyalar Mərkəzi"nin direktorunun müşaviri Ləman Əhmədova, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və "ADPU ENACTUS" komandasının koordinatoru Zenfira Seyidova çıxış edərək, innovativ yanaşmaların təhsildə tətbiqinin əhəmiyyətindən bəhs edib və bu cür tədbirlərin yeni ideyaların formalaşmasına verdiyi töhfəni vurğulayıb.
Panel müzakirəsinə moderator qismində “İnnovasiyalar Mərkəzi”nin “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev rəhbərlik edib. Spikerlər qismində isə "Bilim Azərbaycan" layihəsinin rəhbəri Ahmet Köse, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov, ASAN İnnovativ İnkişaf Mərkəzinin təlim üzrə baş mütəxəssisi Aytən Quliyeva-Rzayeva və "Sosiologiya Akademiyası"nın rəhbəri Mail Yaqub çıxış ediblər.
Çıxışları zamanı spikerlər təhsildə innovativ metodların, rəqəmsal alətlərin və startap mədəniyyətinin tətbiqinin əhəmiyyəti ilə bağlı fikir və təcrübələrini bölüşüblər. Tədbir gənc müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar panelistlərə suallar ünvanlayaraq geniş müzakirələr aparıblar.
Sonda iştirakçılara sertifikat təqdim edilib.