11 Dekabr, 2023

“INNOLAND”də “Brain Game” intellektual oyun hakatonu keçirilib

9-10 dekabr tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “Brain Game” intellektual oyun hakatonu keçirilib.

Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və "Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Məqsəd ölkəmizdə intellektual oyunların yaradılması sahəsində proseslərin təşviqi, yeni oyun əsaslı həllərin yaradılması və cəmiyyətin intellektual potensialının artırılmasıdır. 

Tədbir çərçivəsində hər biri 3-5 nəfərdən ibarət 20 komanda yaradıcı və innovativ oyun layihələrini hazırlayıb. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər. 

Bağlanış tədbirində komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyəti qismində Dövlət Agentliyinin sədrinin müşaviri Mehdi Cavadov, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş, “Code Academy”nin rəhbəri Ülvi Aslanov və “DynamicBox Studio” şirkətinin oyun prodüseri Şahin Əliyev iştirak ediblər.

Nəticələrə əsasən “85 Games Studio” komandası 1-ci yerə, “EcoDev” komandası 2-ci yerə, “Bomba!” komandası isə 3-cü yerə layiq görülüb.

Sonda qaliblərə müvafiq olaraq 5000, 2000 və 1000 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Növbəti yaxşı nəticə göstərən “Kript 10” və” AKA” komandaları isə həvəsləndirici mükafat alıb.

Hakatona müraciət edən 65 komanda arasından seçilən 54 komanda 16 noyabr tarixində ideya konseptlərini təqdim ediblər. Qiymətləndirmə nəticəsində yalnız 20 komanda müsabiqə mərhələsində iştirak hüququ qazanıb.
 

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək

21-26 noyabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festival təşkil olunacaq.

“StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.

Festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq.

Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.

Ətraflı: https://startapfest.az/

Ətraflı oxu
innoland news image

ASAN Xidmət ölkə üzrə növbəti ilkə imza atıb!

ASAN Xidmət ölkə üzrə növbəti ilkə imza atıb!

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 56002:2021 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq sertifikatına layiq görülüb.

​Sözügedən sertifikatı ölkəmizdə ilk dəfə Dövlət Agentliyi əldə edib. Standartın alınması Dövlət Agentliyində innovasiya ekosisteminin beynəlxalq standartlara uyğun formalaşdırılmasının göstəricisidir.

​Sertifikat Beynəlxalq Standartlar Təşkilatında (İSO) akreditasiya olunmuş Türkiyə Standartlar İnstitutu tərəfindən verilib.

​Dövlət Agentliyində formalaşdırılan innovasiyalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha effektiv və keyfiyyətli təşkili, həmçinin vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tətbiq olunur.

Ətraflı oxu
innoland news image

"INNOLAND", "Next Step" və "SUP Akselerator"u arasında memorandum imzalanıb

10 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Next Step” İnnovasiya Mərkəzi və SUP Startap Akseleratoru arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovorkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi üzrə birgə əməkdaşlığı əhatə edir. Həmçinin yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması, digər qarşılıqlı tədbirlərin təşkili fəaliyyət istiqamətlərinə daxildir.

Tədbirdə inkubasiya xidmətinin ölkəmizdə dayanıqlı startap ekosisteminin qurulmasındakı əhəmiyyəti, həmçinin akselerasiya xidmətinin ölkə hüdudlarından kənarda yeni milli startap brendlərinin formalaşmasındakı rolu qeyd edilib.

Ətraflı oxu