Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən ölkədə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaq məqsədilə “Startup Günləri” tədbirləri keçirilir.
“Startup günləri” ölkədə internet biznesin, innovasiyaların, startap hərəkatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir. Ümumilikdə 10 təhsil müəssisəsində keçirilməsi planlaşdırılan “Startap günləri” tədbiri 3 ay boyunca davam edəcək və sonda “Startap Azərbaycan” yekun konfransı keçiriləcəkdir. Qalib komandalar ideyalarını biznesə çevirmək üçün “INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyətlərini davam etdirəcəklər.
İlk “Startup günləri” tədbiri 12-13 aprel tarixlərində Azərbaycan Texniki Universitetində keçirilib. “Startup günləri”nə qatılmaq üçün 117 tələbə qeydiyyatdan keçib və ilk mərhələdə 20 ideya, növbəti mərhələdə isə 5 ideya seçilərək komanda şəklində formalaşıb və növbəti mərhələyə keçib. Mentorların dəstəyi ilə 5 komanda öz ideyalarının biznes planını hazırlayaraq jürilərə təqdim ediblər. Kənd təsərrüfatı texnikasının paylaşılmasına dair “Agro Share” layihəsi “Startap günləri” yarışının qalibi seçilib. Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Nextsale" "BigCommerce" e-ticarət platforması ilə tərəfdaşlığa başlayıb. Bundan əvvəl "Nexsale" Shopify, WooCommerce, WordPress və digər tanınmış elektron ticarət platformalarında mövcud olub. Yeni inteqrasiya "BigCommerce" istifadəçilərinə 14 günlük pulsuz sınaq müddəti ilə "Nextsale" tətbiq həllərindən faydalanmağa imkan verir.
Qeyd edək ki, "Nextsale" sayğaclar vasitəsilə onlayn mağazanıza sosial sübut və aktuallıq əlavə etməyə imkan verən platformadır.
“INNOLAND” rezidentləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda uğurla təmsil olunub Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ASAN xidmət” stendində iştirak ediblər. "Gələcək üçün bacarıqlar” layihəsi müddətində universitetlərlə əməkdaşlıq çərçivəsində formalaşmış "Convitsa", "Dovotes" və Mərkəzin rezidenti olan "Enverson" startapları yerli və xarici ziyarətçilərə innovativ həlləri və layihələri barədə məlumat veriblər. Yüksək səviyyəli qonaqlar və rəsmilər startapların təqdim etdiyi texnoloji yeniliklərlə yaxından tanış olub, onların beynəlxalq bazara çıxış imkanlarını yüksək qiymətləndiriblər. Həmçinin qonaqlar “ASAN xidmət”in fəaliyyəti, vətəndaşlara təqdim olunan innovativ xidmətlər, rəqəmsal həllər sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumatlandırılıblar. Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin iqtisadi və texnoloji potensialını nümayiş etdirmək, yeni qlobal rəqabətlilik paradiqmalarına dair bilik və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır. Tədbirdə iştirak edən şirkətlər və startaplar üçün bu forum yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər imzalamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq baxımından unikal imkanlar yaradıb.
INNOLAND-in rezidenti “Enverson AI” startapı nüfuzlu “Entrepreneurs First” akselerasiya proqramında iştirak hüququ qazanıb.
Proqram çərçivəsində “Enverson AI” komandası öz məhsulunu inkişaf etdirmək, beynəlxalq mentor və investor şəbəkəsinə çıxış əldə etmək, yeni əməkdaşlıqlar qurmaq və qlobal startap ekosistemində mövqeyini gücləndirmək imkanı qazanacaq.
“Enverson AI” komandasını təbrik edir, beynəlxalq arenada yeni uğurlar arzulayırıq!