10 İyul, 2020

Azərbaycanda ilk dəfə “Global Game Jam Next" tədbiri baş tutacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "SUP VC",  və "Tech academy"nin təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycanda "Global Game Jame Next" tədbiri keçiriləcək.

13-24 iyul tarixlərində baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə (13-17 iyul) iştirakçılara proqramlaşdırma və oyun hazırlama bacarıqları mövzularında video dərslər keçiriləcək.

İkinci hissədə isə (20-24 iyul) iştirakçılar öyrəndiklərini tətbiq etməklə öz ideyaları əsasında oyunlar hazırlayacaqlar. 

"Global Game Jam Next"in  əsas məqsədi video oyunlarının yaradılmasını öyrənməyə həvəs göstərən 12-17 yaşlı yeniyetmələrə bu sahədə ilkin bilikləri mənimsəməyə dəstək olmaqdır. Bu tədris proqramı onların kodlaşdırma potensialını üzə çıxararaq texniki biliklər qazanmasına imkan yaradacaq.

Qeydiyyat linki: https://bit.ly/2D4ZApp
Qeydiyyat üçün son tarix: 11 iyul

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Gəncə şəhərində “Green Hackathon 2024” müsabiqəsi ilə bağlı infossesiya təşkil olunub

Gəncə şəhərində Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün “Green Hackathon 2024” müsabiqəsi ilə bağlı infossesiya təşkil olunub.

İnfosessiyada yaşıl innovasiyaların əhəmiyyəti, texnoloji trendlər barədə tələbələr məlumatlandırılmış, müsabiqənin formatı, iştirak şərtləri haqqında geniş informasiya təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, proqram ADB Azerbaijan (AİB), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur.

Ətraflı oxu
innoland news image

Azərbaycan Texniki Universitetində "Startup Günləri" keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən ölkədə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaq məqsədilə “Startup Günləri” tədbirləri keçirilir.

“Startup günləri” ölkədə internet biznesin, innovasiyaların, startap hərəkatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir. Ümumilikdə 10 təhsil müəssisəsində keçirilməsi planlaşdırılan “Startap günləri” tədbiri 3 ay boyunca davam edəcək və sonda “Startap Azərbaycan” yekun konfransı keçiriləcəkdir. Qalib komandalar ideyalarını biznesə çevirmək üçün “INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyətlərini davam etdirəcəklər.

İlk “Startup günləri” tədbiri 12-13 aprel tarixlərində Azərbaycan Texniki Universitetində keçirilib. “Startup günləri”nə qatılmaq üçün 117 tələbə qeydiyyatdan keçib və ilk mərhələdə 20 ideya, növbəti mərhələdə isə 5 ideya seçilərək komanda şəklində formalaşıb və növbəti mərhələyə keçib. Mentorların dəstəyi ilə 5 komanda öz ideyalarının biznes planını hazırlayaraq jürilərə təqdim ediblər. Kənd təsərrüfatı texnikasının paylaşılmasına dair “Agro Share” layihəsi “Startap günləri” yarışının qalibi seçilib. Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Ətraflı oxu
innoland news image

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində

10–11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Take Off İstanbul 2025” beynəlxalq startap sammitində iştirak edib.

“ASAN xidmət”in tərəfdaşı olduğu tədbirdə ölkəmiz Azərbaycan stendi ilə təmsil olunub. Stenddə “İnnovasiyalar Mərkəzi”, ASAN AI Hub, "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları və yerli innovasiya ekosistemini təmsil edən perspektivli startaplar - “Enverson AI”, “Convitsa”, “Polygraf AI”, “Speakday”, “IOMETE”, “Qmeter”, “Tryverse” və “StarKidStories” təqdim edilib.

İki gün davam edən sammit çərçivəsində Azərbaycan stendi “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, “Take Off Girişim” Zirvəsinin direktoru İrem Bayraktar Aksakal, habelə investorlar və innovasiya ekosisteminin digər əsas iştirakçıları tərəfindən ziyarət edilib. Startapların fəaliyyəti ilə yaxından tanışlıq olub, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirin ikinci günü “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov “Take Off İstanbul 2025” çərçivəsində təşkil olunan “Regional startap ekosistemi: Azərbaycan, Banqladeş, Türkiyə” mövzusunda panel müzakirəsində çıxış edib.

Bu il “Take Off İstanbul” sammiti 40 ölkədən 500-dən çox startapı, 250-dən artıq investoru, 75 maraqlı tərəfi və 11 sponsor təşkilatı bir araya gətirib.

Sammit TEKNOFEST çərçivəsində T3 Fondu, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin təşəbbüsü ilə təşkil olunaraq regionun ən genişmiqyaslı innovasiya və startap platformalarından biri kimi fəaliyyət göstərir.

Bu platforma innovasiyaların inkişafı üçün əlverişli və maneəsiz mühit formalaşdırmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı nümayəndələrini və şirkətləri bir araya gətirir.

Ətraflı oxu