Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 11 may tarixində “Startup Grind - Ganja” tədbiri baş tutacaq.
Bu dəfəki görüşdə spiker qismində “Whelp” startapının təsisçisi və idarə heyətinin sədri Seymur Rəsulov çıxış edəcək. O, “Azərbaycan startaplarının xarici bazara çıxışı” mövzusunda öz təcrübələrini, məsləhətlərini paylaşacaq.
"Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb.
Tədbir “Facebook – live“ vasitəsilə baş tutacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən ölkədə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaq məqsədilə “Startup Günləri” tədbirləri keçirilir.
“Startup günləri” ölkədə internet biznesin, innovasiyaların, startap hərəkatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir. Ümumilikdə 10 təhsil müəssisəsində keçirilməsi planlaşdırılan “Startap günləri” tədbiri 3 ay boyunca davam edəcək və sonda “Startap Azərbaycan” yekun konfransı keçiriləcəkdir. Qalib komandalar ideyalarını biznesə çevirmək üçün “INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyətlərini davam etdirəcəklər.
İlk “Startup günləri” tədbiri 12-13 aprel tarixlərində Azərbaycan Texniki Universitetində keçirilib. “Startup günləri”nə qatılmaq üçün 117 tələbə qeydiyyatdan keçib və ilk mərhələdə 20 ideya, növbəti mərhələdə isə 5 ideya seçilərək komanda şəklində formalaşıb və növbəti mərhələyə keçib. Mentorların dəstəyi ilə 5 komanda öz ideyalarının biznes planını hazırlayaraq jürilərə təqdim ediblər. Kənd təsərrüfatı texnikasının paylaşılmasına dair “Agro Share” layihəsi “Startap günləri” yarışının qalibi seçilib. Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Fun Baku tədbiri baş tutacaq.
Tədbir zamanı "Whelp" layihəsinin təsisçisi Seymur Rəsulov, E-ticarət mütəxəssisi Nicat Manafov və təşəbbüskar Asif İbrahimov iş həyatlarında baş verən uğursuzluqlarından danışacaqlar.
Biletləri əldə etmək üçün: https://funbakunovruz.ticketsetup.com/az
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində ASAN Təlim-Tədris Mərkəzi və "EDC Azərbaycan"ın birgə tərəfdaşlığı ilə “Müasir əmək bazarının dəyişkən tələbləri” mövzusunda seminar təşkil olunub.
"BP" Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli müasir əmək bazarı ilə bağlı aktual mövzulara aydınlıq gətirib. Seminar zamanı Bəxtiyar Aslanbəyli müasir əmək bazarında gənclərin artan rolundan və yerli biznes mühitindəki əsas tendensiyalardan bəhs edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.