Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi onlayn Akselerasiya proqramı elan edir.
İntensiv Akselerasiya proqramı startaplara beynəlxalq bazarlara daxil olmağa kömək edir. "INNOLAND"in Akselerasiya proqramı müxtəlif sahələrdə mütəxəssis olan 30-dan çox yerli və beynəlxalq məsləhətçi tərəfindən dəstəklənir.
Hər həftə komandalara həftəlik mövzu ilə əlaqəli tapşırıqlar verilir və bu onları hədəflərinə nail olmağa daha da yaxınlaşdırır.
Akselerasiya proqramı "Demo Day" ilə başa çatır. Məzun olmuş komandalar investorlar və mütəxəssislər qarşısında çıxış edərək investisiya almaq imkanı əldə edirlər.
Seçim meyarları:
* Ən azı 50.000 AZN investisiya almalı
* Müəyyən qədər dövriyyəsi olmalı
* Ən azı 2 həmtəsisçisi olmalı
* Qlobala çıxma ambisiyaları olmalı
Qeydiyyat üçün : https://forms.gle/xsRTSmfdmPAWrHwZ6
Son qeydiyyat tarixi: 30 iyun
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda “Hackathon”a start verilib.
Tədbirin ilk günü Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Hamlet Məmmədov iştirakçıları “Startap nədir?”, “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış edib.
Növbəti gün iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 2 gün davam edəcək.
Sonda qalib komandalar Şamaxı "ASAN xidmət"də yerləşən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.
Şamaxı şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.
6 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib.
Layihə ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi üçün nəzərdə tutulur.
Təqdimat mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, bir neçə ali təhsil müəssisəsinin rektoru iştirak ediblər.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliyin fəaliyyəti, innovasiya ekosisteminin yaradılması və onun əsas komponentlərinin formalaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, innovasiyalarla bağlı müasir çağırışlarda səylərin birləşdirilməsi üçün müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin aktiv fəaliyyəti vacibdir.
Mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.