12 Noyabr, 2018

İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Elektron Hökumətin İnkişafı Mərkəzinin açılışı zamanı "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi təqdim olunub. “INNOLAND”in fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “INNOLAND”də fəaliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.

İT Təlim-Tədris Mərkəzi isə gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Mərkəzdə süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir. İnkubasiya dövründə startaplara ideyalarının formalaşdırılmasına kömək göstərilir. Bu müddətdə əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlər üzrə ildə 4 dəfə ideya müsabiqəsi elan olunur. Müvafiq meyarlara əsasən müsabiqəyə əvvəlcədən müəyyənləşdirilmiş say üzrə ideya qəbul edilir. İnkubasiya dövründə uğurla formalaşmış ideyaların ilkin versiyaları test edilməsi, prototiplərin hazırlanması üçün akselerasiya mərhələsinə keçirilir. Bu mərhələdə komandaya mütəmadi şəkildə mentor dəstəyi göstərilir. Mərkəzdə fəaliyyət göstərən startaplar İnkubasiya və Akselerasiya dövründə “INNOLAND”in innovasiyalar və İKT sahəsində ümumi fəaliyyətindən də yararlanacaqlar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada innovativ layihələrlə də tanış oldular.

Bildirildi ki, “Wattbooster” qurğusu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha çox enerji istehsal edir. Nəticədə elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət olunur. Hələlik bu qurğu mobil operatorların antennalarının elektrik enerjisinin sərfiyyatının azaldılması üçün nəzərdə tutulub.

“Lia” adlı spinal qurğu onurğa sütununun vəziyyətinə nəzarət edir və insanda düzgün qamət yaradır. Mikrokontroller və iki sensordan ibarət olan, çiyindən asılan “Lia” minimum 3 həftədən sonra heç bir narahatlıq hissi doğurmadan onurğa sütununu düzəltməyə kömək edir. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək duruşun düzgünlüyünü yoxlayır. İstifadəçinin duruşu səhv vəziyyətdə olduğu halda telefonuna bildiriş gəlir və qaməti düzəltmək yada salınır.

“Safee” adlı ixtira yolda təhlükəsiz şəkildə, əsasən axşam vaxtı velosiped sürmək üçün dizayn edilib. Cihaz təhlükəsizlik işarələrini velosiped sürücüsünün bel nahiyəsinə əks etdirir. Nadir cihaz istehsal olunduğu ilk gündən dünya mediasında böyük maraq doğurub. Belə ki, BBC, Mirror, Yahoo və digər media qurumlarında layihə haqqında məqalələr dərc edilib və o, bir neçə qlobal mükafata layiq görülüb. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq bu cihaz üçün bir sıra ölkələrdən yüzlərlə sifariş daxil olub.

“Wetravel” isə turizm şirkətləri üçün ödəmə şəbəkəsidir. Şəbəkə istifadəçisi olan şirkətlər bir-birləri ilə pul mübadiləsini ən aşağı komissiya ilə həyata keçirə bilərlər. Otellər, hostellər, aviaşirkətlər, səyahət agentlikləri və bu qəbildən digər şirkətlər platformanın imkanlarından yararlana bilərlər. “Wetravel” istifadəçilərə səyyah məlumatının, ödənişlərin asanlıqla toplanması, ən aşağı məzənnə ilə beynəlxalq ödənişlər kimi imkan yaradır. Platforma vasitəsilə 80-dən çox ölkəyə minlərlə səfər təşkil edilib.

“Namo Media” onlayn reklam idarəetmə sistemidir. Fox, ESPN kimi böyük xəbər saytlarının reklam idarəetməsi bu sistemlə həyata keçirilir. “Namo Media” 2014-cü ildə Twitter şirkəti tərəfindən 50 milyon dollar dəyərində qiymətləndirilərək alınıb.

Bu startaplar azərbaycanlı təsisçilər tərəfindən hazırlanıb və qlobal bazarı hədəfləyir.

Mənbə: President.az

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Kənd təsərrüfatı startaplarına dəstək veriləcək

8 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, reallaşdırılan tədbirlər sırasında cari ildə ilk olaraq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı"nın həyata keçirilməsinə başlanılıb, bu istiqamətdə 5-20 yanvar tarixləri üçün proqrama qəbul elan olunub.

Eyni zamanda Şəbnəm Məmmədova diqqətə çatdırıb ki, aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsi nəzərdə tutulur.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı" aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.

Görüş tərəflər arasında gələcək əməkdaşlıq prespektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr ilə davam etdirilib.

“INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. INNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.

Ətraflı oxu
innoland news image

Qarabağ regionundan olan gənclər "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin qonağı olublar

Qarabağ regionundan olan gənclər "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin qonağı olublar.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənclərin Karyera İnkişaf Platforması"nın "Karyera quruculuğu" proqramı çərçivəsində təşkil edilən infoturda gənclərə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Ətraflı oxu
innoland news image

Şəki “INNOLAND” Mərkəzində ilk Hackathon uğurla başa çatıb

Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon”  başa çatıb.

Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edib.

İştirakçılar “Startap nədir?”  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”,  “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar.  

Həmçinin, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq ediblər.

Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 6 komandadan “Barbertapp”, “Sığortam” və “Sheki Tour” komandaları ən yüksək bal toplayaraq qalib olublar.

Qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. Bununla yanaşı qalib komandalara notbuk təqdim edilib.

Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

Ətraflı oxu