“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, “Lenovo” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin baş sponsorluğu ilə oktyabrın 18-dən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun (proqramçıların birləşərək müxtəlif problemləri həll etməsi) final mərhələsi keçirilib.
“Azərkosmos”dan bildirilib ki, yarış zamanı 25 komandadan ibarət 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıb. Həmin komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda “NASA Space Apps Azerbaijan” hakatonunun qalibi elan edilib. Beləliklə, birinci yerin qalibi “ICARUS”, ikinci yerin qalibi “SpaceSetup”, üçüncü yerin qalibi isə “Ulduz Station” komandası olub. "Welcome back" və "October sky" komandaları isə "INNOLAND"də 6 aylıq İnkubasiya proqramı keçmək şansı əldə ediblər.
Qalib komandalar pul mükafatları ilə təltif ediliblər.
Hakatonun qalibləri beynəlxalq “NASA Space Apps” hakatonunun tapşırıqlarına uyğun olaraq Yer kürəsində meşə yanğınlarının, dəniz və okean sularının çirklənməsini və plastik tullantıların qarşısının alınması istiqamətində həllər təqdim ediblər. Azərbaycanda ilk dəfə keçirilən “NASA Space Apps Azerbaijan” hakatonu gənclər üçün kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratdı. Bununla yanaşı, hakaton iştirakçılara, əslində, kosmosun gələcəyini daha yaxşı təsəvvür etməyə və aktual olan ekoloji problemlərin həllinə birbaşa yol göstərir.
Hazırda planetimizin orta temperaturu ilbəil artır və su ehtiyatları tükənməkdədir. Bunların hamısı planetimizi olduqca narahat edən məsələlərdəndir. Bu kimi mühüm məsələlərə biganə qalmamaq üçün dünyada 200-dən çox şəhərdə eyni vaxtda keçirilən “NASA Space Apps” hakatonu innovativ ideyaları dəstəkləyir.
Qeyd edək ki, hakaton müddətində yarış iştirakçılarına NASA-nın “Saturn planetinin tədqiqatı üzrə Kassini proqramı”nın baş tədqiqatçısı Anna Verbisker tərəfindən ustad dərsləri keçirilib, kosmosun öyrənilməsində NASA-nın apardığı işlərdən bəhs edilib. Azərbaycanda gənclər arasında kosmosa və kosmik infrastruktura böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycanın kosmik proqramının uğurlu inkişafını göstərir.
“Green Hackathon 2024” proqramının iştirakçıları üçün təlimlər davam edir.
Təlimdə iştirak edən gənclərə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov hakatonun gedişatı və ümumi prosesi haqqında məlumat verib.
Daha sonra “Bilişim Vadisi” texnologiya mərkəzinin ekspertləri Serhat Duyar və Qamət Kərimov müsabiqə iştirakçılarına “Sahibkarlığa giriş: ideyadan startapa” mövzusunda danışıb.
Həmçinin əsas sahibkarlıq bacarıqları, komanda qurma, idarəetmə və liderlik, "lean" startap, qloballaşma, fikirdən biznes modelinə keçid mövzularından bəhs olunub. İştirakçılar komandalara bölünərək qrup işi həyata keçirib.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi hakatonun təşkilatçılarındandır.
6 iyun tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan görüşdə "Mindrock Capital"ın İnvestisiyalar şöbəsinin rəhbəri, vençur kapitalist Ülvi Rəşid öz təcrübəsini bölüşüb.
Tədbir zamanı iştirakçılara spiker tərəfindən "Maliyyələşdirilə biləcək formaya düşmək" mövzusu haqqında geniş məlumat verilib. Görüşdə, həmçinin "Silikon Vadisində vençur kapitalı mənzərəsi və onun inkişafı", "VC-lər təsisçilərlə görüşərkən nə axtarırlar?", "VC təsdiq qutusu və qərar qəbul etmə sxemi" mövzularında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir ingilis dilində baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş - “Demo Day” təşkil olunub.
Tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi startapların Azərbaycan və beynəlxalq bazarda inkişafına kömək məqsədi ilə intensiv akselerasiya proqramı həyata keçirir.
“Demo Day”də aqro, təhsil, maliyyə, İKT, loqistika, turizm kimi fəaliyyət istiqamətlərini əhatə edən, ümumilikdə 8 startap çıxış edib.
“Mr.Bee”, “Onepoint”, “Nextsale”, “11Delivery”, “Triple”, “Vriendly”, “Whelp” və “Neuroil” komandaları investorlar qarşısında öz təqdimatlarını edib.
Startapçılar çıxışlarında “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçdikləri 12 həftəlik akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.
Tədbir çərçivəsində bir sıra şirkətlər məzun startapçılarla maraqlanıb və investisiyaların yatırılması ilə bağlı danışıqlara başlanılıb.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir