"ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, Expressbankın sponsorluğu ilə həyata keçirilən “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb. Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, ekosistemin inkişafı üzrə mütəxəssis Nida Emin Kirişçi, “SAHA Robotics” şirkətinin Robototexnika davranış və naviqasiya sistemləri rəhbəri Burak Can Kaya, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər. Düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər “SAHA Robotics” şirkətində təcrübə proqramında iştirak etmək, “Bilişim Vadisi”ndə 1 illik ofis imkanından yararlanmaq hüququ qazanıblar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda “Take Off İstanbul” startap sammitində iştirak imkanı əldə edəcək. Bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına “ROS 2-in əsasları”, “SLAM alqoritmləri”, “ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması” kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub. 2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 924 müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb. Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşmaq və karyera qurmaq istəyən gəncləri “ROS” (Robot Operating System) ekosisteminə dair bilik və bacarıqlarla təmin etməkdir. İnnovativ həllərin təşviqi ilə iştirakçılara bu sahədə layihələrini inkişaf etdirməyə dəstək göstərmək də prioritet istiqamətlərdəndir.
Startap rezidentimiz "Taskool" Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa başlayıb.
Tərəflər "STEAMLAND" innovativ tədqiqat mərkəzi çərçivəsində birgə fəaliyyətlər göstərəcəklər. Mərkəz universitet və məktəblər arasında körpü yaradaraq məktəblilərdə "STEAM" (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahələri üzrə layihə əsaslı öyrənmənin və tədqiqat üçün lazım olan yumşaq və texniki bacarıqların əsasını formalaşdıracaq.
"Taskool" təhsil sahəsində startap olaraq yaratdığı əsas innovativ təşəbbüslərindən biri dünyada universitetlər üçün yeni, alternativ qəbul prosesidir. Platformada ali məktəbə təqdim etmək üçün şagirdlərə akademik portfel, praktikaya dayanan biliklər əldə etmək üçün "STEAM" layihələr bankı, istedadlıları üzə çıxarmaq üçün Olimpiada və Hakaton mərkəzi, həmçinin qlobal şəbəkələşmələri istiqamətində icma qrupları yaradaraq innovativ təhsil fəaliyyətləri həyata keçirir.
28-29 iyul tarixində Tatarıstan Respublikasının Kazan şəhərində "7-ci Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu"nun yekun mərhələsi keçirilib.
Layihənin əsas məqsədi İƏT-ə üzv ölkələrdə və qeyri-üzv ölkələrin müsəlman icmalarında gənc startapçıların inkişafına və invesitisiya ilə təmin olunmasına dəstək göstərməkdir.
Forumun yekun mərhələsinin dəyərləndirmə heyətində İslam Əməkdaşlıq Gənclər Forumunun Bakı şəhərində yerləşən Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlıq edən “İnnovasiyalar Mərkəzi” MMC-nin nümayəndəsi də iştirak edib. O, tərəfdaşlarla bağlı xüsusi paneldə iştirakçılara "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və onun fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası hökümətinin həmtəşkilatçılığı ilə keçirilən Forumda ümumilikdə 120 seçilmiş startap iştirak etmiş və hazırlıq-tədris proqramını uğurla tamamlamış 37 startap yekun mərhələyə dəvət almışdır.
Taskilled, Wegros, Testedweb və E-legal startaplarımız Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Ərəb Əmirliklərinin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş forumda iştirak ediblər.