"ASAN xidmət" növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək. Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək əsas hədəflərdir. 20 minə yaxın gəncin iştirakı ilə dünyada onuncu, ölkəmizdə isə üçüncü dəfədir təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək. Artıq 3-cü dəfədir keçirilən düşərgəyə 2023–2024-cü illərdə ümumilikdə 442 nəfər müraciət edib, onlardan 192 nəfər seçilərək iştirakçı olub. “DIGIAGE - Bakı 2025” düşərgəsində iştirak etmək istəyən şəxslər 24 oktyabr 2025-ci ilə tarixinədək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/aVtVRL7Ah966Yrm18
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində "İnnovasiya və Yaradıcılıq Forumu" keçirilib.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan forum gənclərin innovativ düşüncə və texnoloji biliklərinin inkişafını dəstəkləmək məqsədi daşıyıb.
Forum çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə “Startap ekosistemi – qlobal və lokal yanaşmalar”, “Süni intellekt: Düşüncənin yeni forması” və “Robotlar səhnədə – Yaradıcılıq və texnologiyanın vəhdəti” mövzularında panel müzakirələri aparılıb.
Müzakirələrdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev də çıxış edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər.
Sonda rəsmi çıxışlar və təltifetmə mərasimi ilə tədbir yekunlaşıb.
"RoboCode" robotik kodlama düşərgəsinin ilk onlayn təlimi baş tutub.
Təlimdə "Saha Robotics"in Robototexnika proqram təminatı mühəndisi Baha Dursun iştirakçılara robotik kodlama haqqında ilkin biliklər öyrədib.
“Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə başlayır. 16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələləsini keçən fintex-startuplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.
Açıq API (Open API) - müştərilərə bank xidmətlərini bankdankənar servislər, məsələn, ödəniş platformaları və ya onlayn kredit platformaları vasitəsilə əldə etmək imkanı verən bir mexanizmdir. Açıq API vasitəsilə developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.
Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “Bank Respublika” ASC tərəfindən ölkədə ilk dəfə olaraq test rejimində Açıq API laiyhəsinin bu cür təqdim edilməsi banklarla fintexlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.