“EESTech Challenge Baku’25“ müsabiqəsinin qalib komandaları ölkəmizi beynəlxalq finalda təmsil edəcək!
“EESTEC JLC Baku” təşkilatının təşkilatçılığı, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “STEAM Azərbaycan” layihəsi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə "EESTech Challenge Baku’25" müsabiqəsi həyata keçirilib.
Müsabiqənin əsas məqsədi mühəndislik sahəsində təhsil alan və bu istiqamətdə bilik və bacarığını inkişaf etdirmək istəyən tələbələr üçün real problemlərin həlli üzrə innovativ düşüncə və texniki yanaşmaların təşviq olunmasıdır.
Müsabiqəyə 100-dən çox müraciət daxil olmuş, onlardan seçilmiş 10 komanda – ümumilikdə 30 iştirakçı müxtəlif texnoloji problemlərin yaradıcı yollarla həlli istiqamətində bilik və bacarıqlarını nümayiş etdirib. Nəticədə "AirVive" komandası birinci, "Montyorlar" komandası isə ikinci yerə layiq görülmüşdür.
Qalib komandalar 13–16 may 2025-ci il tarixlərində İtaliyanın Trieste şəhərində keçiriləcək "EESTech Challenge" beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, "EESTech Challenge" Avropanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq müsabiqə formatıdır və gənc texnologiya həvəskarları arasında mühəndislik və innovasiyaların inkişafını təşviq edir.
Startapınız üçün LinkedIn-dən daha güclü istifadə etməyə hazırsınızmı?
"INNOLAND" startap komandalarını ödənişsiz vebinara dəvət edir:
“LinkedIn-in Gücünü Kəşf et: şəxsi brend və satışda yeni nəsil yanaşmalar”
Bu sessiyada SaaS GTM Acceleratoru TechSales-in qurucusu Tunahan Tolga Yıldız ilə birlikdə:
startaplara uyğun LinkedIn profil optimizasiyası
şəxsi brend quruculuğu və məzmun vərdişləri
satışda outbound və hesab əsaslı marketinq (ABM) yanaşmaları
sales Navigator-dan effektiv istifadə yolları ilə tanış olacaqsınız.
2 oktyabr 2025
17:00
Online – İştirak ödənişsizdir
Qeydiyyat üçün: https://dovotes.com/form/innoland-survey
Startapınızın böyüməsi üçün LinkedIn-in imkanlarını kəşf etməyi qaçırmayın!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev Fransanın “Ecole 42” şirkətinin icraçı direktoru Sofi Viger ilə görüşüb.
Görüş zamanı Ülvi Mehdiyev kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) rəqəmsallaşdırma, müvafiq istiqamətdə bilik və bacarıqların yüksəldilməsi, cəmiyyətin bütün üzvlərinin informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması sahəsində gördüyü işlərdən, həyata keçirilən layihələrdən və beyəlxalq təcrübənin tətbiqindən danışıb.
Sonra Sofi Viger “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaq müxtəlif layihələr, yerli startaplar üçün qlobal səviyyədə sərmayələrin cəlbi, onların inkişafı üçün yaradılan imkanlar barədə məlumatlandırılıb.
15 min nəfərdən artıq məzunu olan “Ecole 42” proqramlaşdırma məktəblərinin dünyanın 25 ölkəsində 42 kampusu fəaliyyət göstərir. Azərbaycanda “Baku Ecole 42” kampusunun yaradılması layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən birgə həyata keçirilir.
28-29 iyul tarixində Tatarıstan Respublikasının Kazan şəhərində "7-ci Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu"nun yekun mərhələsi keçirilib.
Layihənin əsas məqsədi İƏT-ə üzv ölkələrdə və qeyri-üzv ölkələrin müsəlman icmalarında gənc startapçıların inkişafına və invesitisiya ilə təmin olunmasına dəstək göstərməkdir.
Forumun yekun mərhələsinin dəyərləndirmə heyətində İslam Əməkdaşlıq Gənclər Forumunun Bakı şəhərində yerləşən Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlıq edən “İnnovasiyalar Mərkəzi” MMC-nin nümayəndəsi də iştirak edib. O, tərəfdaşlarla bağlı xüsusi paneldə iştirakçılara "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və onun fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası hökümətinin həmtəşkilatçılığı ilə keçirilən Forumda ümumilikdə 120 seçilmiş startap iştirak etmiş və hazırlıq-tədris proqramını uğurla tamamlamış 37 startap yekun mərhələyə dəvət almışdır.