27 Oktyabr, 2023

BrainGame hakatonunun şərtləri və qaydaları

“BrainGame” intellektual oyun hakatonu Azərbaycanda intellektual oyunların yaradılması sahəsində proseslərin təşviqi, yeni oyun əsaslı həllərin yaradılması və cəmiyyətin intellektual potensialının artırılması məqsədilə həyata keçirilir. Hakaton Azerlotoreya ASC-nin dəstəyi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən keçirilir.

Müsabiqənin məqsədi
- İnnovativ fəaliyyətin stimullaşdırılması və sağlam rəqabətin formalaşdırılması;
- Yeni intellektual oyun prototiplərinin yaradılması
- İT mütəxəssisləri arasında yeni ideyaların dəstəklənməsi;
- Komandada işləmək bacarığının inkişaf etdirilməsi;
- İstedadlı uşaqların cəmiyyətə tanıdılması.

Müsabiqənin formatı
Müsabiqə ümumilikdə bir-birinin məntiqi davamı olan 3 mərhələdən təşkil olunur. 
Birinci mərhələ
Yaradılmış xüsusi qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçməklə komanda üzvləri və yaradılacaq həllə dair təqdimatın göndərilməsi;
İkinci mərhələ
Yaradılacaq həllin dizayn nümunələrinin mobil tətbiq dizayn alətlərindən istifadə etməklə (figma və s.) formasının hazırlanması və qeyd olunan ünvana göndərilməsi;
Üçüncü mərhələ
Həllərin yaradılması və münsiflər qarşısında təqdimatların edilməsi.

Komandaların formalaşması
Müsabiqədə 18 yaşdan yuxarı, ən az 3, maksimum 5 nəfərdən ibarət komandalar iştirak edə bilər. İştirakçılar müsabiqəyə yalnız komanda şəklində müraciət edə bilər. Komanda üzvlərindən ən az birinin informasiya texnologiyaları üzrə mütəxəssis olması tələb olunur.

Müsabiqənin şərtləri
- Müsabiqədə 18 yaşdan yuxarı, ən azı 3, maksimum 5 nəfərdən. İbarət komandalar iştirak edə bilər.
- Komanda üzvlərindən ən azı biri mütləq İnformasiya texnologiyaları üzrə mütəxəssis olmalıdır.
- Yaradılacaq tətbiq daha öncə hər hansı müsabiqədə təqdim edilməməli, eyni zamanda ictimaiyyətin istifadəsinə verilmiş olmamalıdır.
- Tətbiq daha öncə mobil tətbiq marketində (App store və ya Play market) yerləşdirilməməlidir.

Müraciət qaydaları
- İştirakçılar 06 noyabr  2023-cü il tarixinədək “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən yaratılmış xüsusi qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçməklə öz komanda üzvləri və yaradacaqları həllə dair təqdimat göndərməlidirlər.
- İlkin seçimdən sonra seçilmiş komandalar 20 noyabr 2023-cü il tarixinə qədər yaradacaqları həllin dizayn nümunələrini mobil tətbiq dizayn alətlərindən istifadə etməklə (figma və s.) hazırlamalı və bizə göndərməlidirlər.


Qiymətləndirmə mexanizmi
Müsabiqənin ikinci mərhələsində intellektual oyunlarla bağlı aşağıda qeyd olunmuş kriteriyalar münsiflər tərəfindən qiymətləndiriləcək:
- intellektual oyunun dizaynı və istifadə rahatlığı;
- digər mobil tətbiqlərlə inteqrasiya edilə bilmə imkanı;
- korporativ brendi(loqo, rəng və dizayn elementləri);
- yaradılmış oyunların cəmiyyət üçün sosial və iqtisadi faydalılığı.

Üçüncü mərhələdə layihələr aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
- verilən tapşırığın verilən vaxt ərzində həlletmə;
- məsələnin həlli istiqamətində irəli sürülən ideya;
- tapşırığın düzgünlüyü, tərtibat və kreativ yanaşma;
- komanda işinin keyfiyyəti.
- ideyanın innovativliyi
- təqdimat bacarıqları
- resurslardan düzgün istifadə
- problemin həllinə uyğun həllin təqdim olunması

İştirakçıların mükafatlandırılması qaydaları
Münsiflər tərəfindən səsvermə yolu ilə müəyyən edilmiş 3 (üç) ən uğurlu komanda diplomla yanaşı aşağıdakı hədiyyələrlə təltif edilir:
- I yerin qalibi 5000 AZN;
- II yerin qalibi 2000 AZN;
- III yerin qalibi 1000 AZN.
- 2 nəfərə həvəsləndirici mükafat

Digər bütün iştirakçılar sertifikatla təltif edilirlər.
 

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda müzakirələr aparılıb

“StartupFest 2019” çərçivəsində “Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda panel sessiya təşkil olunub.

Panel sessiya biznes liderlərinin rəqəmsallaşma sahəsində müxtəlif baxışlarını, təcrübələrini, uğur hekayələrini və çətinlikləri əhatə edib.

Bu paneldə “Biznes üçün rəqəmsal transformasiyanin əhəmiyyəti”, “Gələcəyin biznesi Rəqəmsal transformasiya rəqabətdə üstünlüyün elementi kimi”, “Özəl təşkilatlara dövlət dəstəyi – məlumat paylaşımı, sistem inteqrasiyası” kimi mövzular müzakirə olunub.

Sessiyada “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə, “AzerTelecom” MMC-nin direktoru Fuad Allahverdiyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev, Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Taleh Tahirli, “Bank Respublika”nın İdarə heyətinin sədr müavini Elnur Həsənov, “Yandex.Money”in bölmə rəhbəri Stefan Şevçenko çıxış ediblər.

Sessiyanın moderatoru “AzerTelecom”un strategiya üzrə müşaviri Azər Bayramov olub.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Ətraflı oxu
innoland news image

30 avqust tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində "Demo Day" təşkil olunub

30 avqust tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində "Nextstep" İnnovasiya Mərkəzinin tərəfdaşlığı, Asiya İnkişaf Bankının Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) dəstəyi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən startapçılar üçün "Demo Day" təşkil olunub.

Məqsəd investorlarla potensial startapları bir araya gətirərmək, innovasiya ekosisteminə inteqrasiyanı, yerli və regional startaplara sərmayə yatırmalarını təşkil etməkdir.

Hər birində 3 gün olmaqla Qazaxıstan, Özbəkistan və Azərbaycanda baş tutan butkampların yekunu olaraq keçirilən tədbirdə həm yerli, həm də beynəlxalq investorlar, iştirakçılar arasından seçilmiş 5 startap və “INNOLAND"in rezidentləri iştirak ediblər.

Çıxışçılar ekosistem nümayəndələrinə layihələrinin komponentləri, gedişatı və növbəti mərhələləri, zəruri investisiya ehtiyacları barədə məlumat verib və onlarla birgə iş mexanizmləri haqqında müzakirələr aparıblar.

Layihə Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilib.

Ətraflı oxu
innoland news image

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti Mərkəzi Avrasiya Startap Sammitində iştirak edib

14-15 aprel 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Mərkəzi Avrasiya startap ekosistemi, regionun ən yaxşı startapları, investorları və innovativ şirkətlərinin iştirak etdiyi “Mərkəzi Avrasiya Startap Sammiti” keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov iştirak ediblər.

Vüsal Rüstəmov "İnnovasiyalar Mərkəzi"nin ekosistemin inkişafı istiqamətində həyata keçirdiyi layihələr, infrastrukturun formalaşdırılması, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov isə startapların qlobal səviyyədə sərmayə cəlbi, inkişafı, beynəlxalq bazara çıxış imkanları üçün yaradılan fürsətlər, daxili və xarici investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər haqqında danışıb.

Sammitdə Startap Mərkəzi Avrasiya Platformasının təqdimatı nümayiş etdirilib, Mərkəzi Avrasiya regionunda startap ekosistemlərinin inkişafı üzrə ən yaxşı təcrübələr göstərilib və startapçılar üçün tematik təlimlər təşkil olunub. Həmçinin müxtəlif ölkələrin nümayəndələri, investorlar və startaplarla maraqlı müzakirələr aparılması və vacib qərarların qəbulu üçün təkbətək görüşlər keçirilib.

“Startap Mərkəzi Avrasiya Sammiti” BMT-nin İKT sahəsində ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dəstəklənib.

Ətraflı oxu