Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən bir neçə qurum 6-cı milli “Brand Award Azerbaijan” müsabiqəsində ilk 5-liyə daxil olublar. Müsabiqə “Caspian Energy Club”un (CEC) təşkilatçılığı və AZPROMO və KOBİA-nın rəsmi dəstəyi ilə keçirilib.
Müsabiqə nəticələrinə görə ölkənin 2022-ci ildə ən çox tanınan 50 brendi seçilərək mükafatlandırılıb. Qaliblər sırasında "Bilim Bakı" mərkəzi 2-ci yer, "İnnovasiyalar Mərkəzi" 3-cü yer,"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi 4-cü yer, ASAN İnnovativ İnkişaf Mərkəzi isə 13-cü yeri tutub.
Müsabiqənin qalibləri 22.08.22 - 12.09.22 tarixində keçirilən onlayn sorğunun nəticələri əsasında müəyyən olunub. 250-dən çox milli korporativ, xidməti və məhsul brendinin yer aldığı müsabiqənin səsvermə mərhələsində müxtəlif ölkələrdən onminlərlə respondent iştirak edib.
“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri 2023-cü ilin əvvəlində “Brand Award International” yekun müsabiqəsində iştirak etmək imkanı qazanıblar.
"INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi", Azərbaycan Dövlət İqtisad Universiteti və “Next Step” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “EduHack Baku” hakatonu başa çatıb. Ölkədə ilk dəfə təhsil sahəsində keçirilən hakatonun əsas məqsədi distant təhsildə qarşıya çıxan problemlərə innovativ şəkildə həll yolları tapmaq olub.
Yarışda Azərbaycanla yanaşı ABŞ, Kanada, Birləşmiş Krallıq, Türkiyə, Ukrayna, Niderland, Macarıstan, Estoniya, Polşa, Latviya və İsrailin nüfuzlu universitetlərində təhsil alan və məzun olan gənclər də iştirak edib.
Hakaton zamanı formalaşan 18 komanda 3 gün ərzində öz təşəbbüsləri üzərində işləyiblər. Bu müddət ərzində iştirakçılar təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətiriblər.
Mükafat fondu 6000 AZN olan hakaton yarışmasında “FastLearners” layihəsi 1-ci yerə və 3000 AZN mükafata, “Academy Azerbaijan” layihəsi 2-ci yerə və 2000 AZN mükafata, “Z-solutions” layihəsi isə 3-cü yerə və 1000 AZN mükafata layiq görülüb.
“StartupFest 2019” çərçivəsində “İnnovasiya ekosistemi: Növbəti addımlar nədir” mövzusunda panel sessiya təşkil olunub.
Bu paneldə innovasiya ekosisteminin daha yaxşı inkişafı üçün zəruri olan elementlər əhatə olunub. Həmçinin Azərbaycanda innovasiya mühitinin gələcəyi üçün müxtəlif perspektivlər üzrə müzakirələr aparılıb.
Sessiyada “212 Venture Capital Film”in İcraçı direktoru Numan Numan, “GVI”nin təsisçisi Kolin M. Donohue, “AvroAsiya Startap Mükafatı”nın İcraçı direktoru Atilla Sandor, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, tədris və konsaltinq departamentinin müdiri Cəlal Rəhimov, “Agha” Qrup – Apollo layihəsinin rəhbəri İmran Bağırov və “Hackquarters”in İcraçı direktoru Kaan Akın çıxış ediblər.
Sessiyanın moderatoru “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Məmməd Kərimov olub.
“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.
Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.
Taskilled, Wegros, Testedweb və E-legal startaplarımız Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Ərəb Əmirliklərinin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş forumda iştirak ediblər.