Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İnnovasiyalar Mərkəzi"nin fəaliyyəti ilə tanış olub.
Qonaqlar, həmçinin, "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” Mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar.
2 gün davam edən görüşdə qonaqlara startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib, həmçinin bu istiqamətdə bilik və qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr müzakirə olunub.
9-10 dekabr tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “Brain Game” intellektual oyun hakatonu keçirilib.
Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və "Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Məqsəd ölkəmizdə intellektual oyunların yaradılması sahəsində proseslərin təşviqi, yeni oyun əsaslı həllərin yaradılması və cəmiyyətin intellektual potensialının artırılmasıdır.
Tədbir çərçivəsində hər biri 3-5 nəfərdən ibarət 20 komanda yaradıcı və innovativ oyun layihələrini hazırlayıb. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər.
Bağlanış tədbirində komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflər heyəti qismində Dövlət Agentliyinin sədrinin müşaviri Mehdi Cavadov, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş, “Code Academy”nin rəhbəri Ülvi Aslanov və “DynamicBox Studio” şirkətinin oyun prodüseri Şahin Əliyev iştirak ediblər.
Nəticələrə əsasən “85 Games Studio” komandası 1-ci yerə, “EcoDev” komandası 2-ci yerə, “Bomba!” komandası isə 3-cü yerə layiq görülüb.
Sonda qaliblərə müvafiq olaraq 5000, 2000 və 1000 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Növbəti yaxşı nəticə göstərən “Kript 10” və” AKA” komandaları isə həvəsləndirici mükafat alıb.
Hakatona müraciət edən 65 komanda arasından seçilən 54 komanda 16 noyabr tarixində ideya konseptlərini təqdim ediblər. Qiymətləndirmə nəticəsində yalnız 20 komanda müsabiqə mərhələsində iştirak hüququ qazanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 12 iyun tarixində “Startup Grind - Ganja” tədbiri baş tutacaq.
Görüşdə “Mogan Hotel Baku"nun satış və marketing direktoru Həvva Səfərova, "Femigrants"ın qurucusu Aytəkin Əliyeva, "Destin AI"ın həmtəsisçisi Nərgiz Məmmədova startapının təsisçisi çıxış edəcək. Onlar “Pandemiya dövründə qadın təşəbbüskarların fəaliyyəti” mövzusunda öz təcrübələrini, məsləhətlərini paylaşacaq.
Moderator "INNOLAND"in direktoru Məmməd Kərim olacaq.
"Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb.
Tədbir “Facebook – live“ vasitəsilə baş tutacaq.
“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramına qeydiyyat davam edir. Proqramın əsas məqsədi innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqi və tələbələrin startap ekosisteminə inteqrasiyasının təmin edilməsidir. Layihə çərçivəsində gənclərin innovativ ideyalarının inkişafına əlverişli şərait yaradılır, onların ixtiraçılıq və startap fəaliyyətinə istiqamətləndirilməsi prioritet istiqamətlər kimi müəyyən olunub. Proqram iştirakçılara ideyaların sistemli şəkildə formalaşdırılması, biznes modelinin qurulması, bazar araşdırması aparılması, məhsulun inkişafı və effektiv təqdimat bacarıqlarının əldə edilməsi üçün geniş imkanlar təqdim edir. V “TUSİ” inkubasiya proqramı 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramı əsasında həyata keçirilir. Təlimlər praktiki yanaşma üzərində qurulub və iştirakçıların real startap ideyaları üzərində işləməsinə, innovasiya ekosisteminə daha effektiv inteqrasiya olunmasına şərait yaradır. Proqramda iştirak etmək istəyən şəxslər https://gub.icenter.az/home linkinə daxil olaraq müraciət formasını doldura bilərlər. Qeydiyyat üçün son tarix 12 aprel 2026-cı ildir. İnnovativ ideyaya sahib olan və onu real layihəyə çevirmək istəyən bütün tələbələr proqramda iştirak etməyə dəvət olunur. 2021-ci ildən bu günədək layihə çərçivəsində 18 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub. Universitetlərdə hazırlanmış 130-dan çox mentora təlimlər kecirilib. 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Bunlardan 45 startap komandası seçilərək “Demo Day” tədbirlərində layihələrini investor və ekspertlərə təqdim ediblər. “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində formalaşmış startaplardan 4-ü ümumilikdə 310 000 AZN həcmində investisiya cəlb edib.