Ölkəmizdə startap ekosisteminin formalaşması və inkişafı prossesi sürətlə davam edir.
Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq, effektiv koordinasiyanı təmin etmək, ekosistem oyunçularına dəstək tədbirlərini genişləndirmək və yerli startaplara investisiya imkanlarını artırmaq məqsədilə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “İNNOKLUB”un yaradılması ilə bağlı kollektiv sazişin imzalanması mərasimi keçirilib.
Qeyd edək ki, "İNNOKLUB" ekosistemin əsas oyunçuları olan “İnnovasiyalar Mərkəzi”, “NextStep”, “Yeni Fikir”, “Lotfi Zadeh Texnologiya Mərkəzi”, “New Space”, "IBA İnnovasiya Mərkəzi”, “Tech.az”, “Technovate”, “Paşa Holding” şirkətlərinin təşəbbüsü ilə yaradılıb.
Tədbirdə qonaq qismində dəvət olunmuş "500 Startups” şirkətinin regional direktoru Arianne Dilts görüş iştirakçılarının innovativ texnoloji sahibkarlığın inkişafı istiqamətində səylərini yüksək qiymətləndirərək klubun gələcək fəaliyyətinə uğurlar arzu ediblər.
“İNNOKLUB” üzvlərinin fəaliyyətini əlaqələndirmə və katiblik funksiyasını “İnnovasiyalar Mərkəzi” yerinə yetirəcək.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə keçiriləcək fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə qeydiyyat başa çatıb.
“Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə həyata keçirəcəyi İnkubasiya proqramına 11 layihə qeydiyyatdan keçib.
Qeydiyyatdan keçmiş layihələrin seçim mərhələsi “INNOLAND”də baş tutacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Proqramlaşdırma müsahibəsindən necə keçməli?" mövzusunda görüş baş tutub.
"Internet.org" layihəsinin üzvü Murtada Al-Tamemi iş müsahibəsi zamanı yaxşı çıxış etməyin yolları və namizəddə axtarılan xüsusiyyətlər haqqında ətraflı məlumat verib.
O, həmçinin Facebookda çalışdığı müddətdə əldə etdiyi bilik və təcrübələrini iştirakçılarla bölüşüb.
5 sentyabr tarixində Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, “SUP VC” şirkətinin direktoru Rəşad Eyvazov və universitetin rektoru prof. Elxan Hüseynov iştirak ediblər.
Görüş zamanı Sumqayıt Dövlət Universitetində həyata keçirilən tədris və təlim texnologiyaları, elektron idarəetmə, elm və elmi-innovasiya sahələrindəki innovativ layihələr və bu istiqamətdə universitetdə İnnovasiya Yaradıcılıq Mərkəzlərinin yaradılmasının əhəmiyyətindən danışılıb.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim səmimi qarşılanmaya görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, Mərkəzin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaratdığı imkanlar və göstərilən dəstək haqqında geniş məlumat verib.
Görüşdə SDU-da innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi məqsədilə “INNOLAND” ilə əməkdaşlıq, SDU-da keçirilən elm və yaradıcılıq ilə bağlı tədbirlərdə “INNOLAND”in yaxından iştirakı, “INNOLAND”in dəstəyi və təcrübəsinə əsaslanaraq SDU-nun ərazisində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin tikilməsi və digər təkliflər müzakirə olunub.
SDU-nun professor-müəllim və tələbə heyəti üçün bu mövzuda “INNOLAND”in mütəxəssisləri tərəfindən seminarların keçirilməsi məqsədəuyğun hesab edilib.
Görüşdən sonra nümayəndə heyəti universitet ərazisi ilə yaxından tanış olublar.