Kibertəhlükəsizlik həftəsi çərçivəsində kiber startapların təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Kibertech startapçıları və kibertəhlükəsizlik üzrə ekspertlər ilə görüş keçirilib.
Görüş zamanı spiker qismində çıxış edən Guy Zbarsky, Toğrul Səmədov və Rəşad Əliyev kiber startapların qurulması və kibertəhlükəsizlik tədbirlərinin düzgün şəkildə həyata keçirilməsi haqqında ətraflı məlumat veriblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “AzerGold” QSC-nin birgə Akselerasiya proqramına seçimlər başa çatıb.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 8 startapdan 5-i yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanıb.
Seçimlərdən uğurla keçən “Join B2B”, “Buqelemun”, “Təmiz hava”, “Günəş-Bioqaz qurğuları” və “Kitablı” komandaları “INNOLAND“də öz layihələrini reallaşdırmaq şansı əldə ediblər.
Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirində iştirak edəcəklər.
Birgə Akselerasiya proqramına 14 oktyabrda start veriləcək.
6 iyun tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan görüşdə "Mindrock Capital"ın İnvestisiyalar şöbəsinin rəhbəri, vençur kapitalist Ülvi Rəşid öz təcrübəsini bölüşüb.
Tədbir zamanı iştirakçılara spiker tərəfindən "Maliyyələşdirilə biləcək formaya düşmək" mövzusu haqqında geniş məlumat verilib. Görüşdə, həmçinin "Silikon Vadisində vençur kapitalı mənzərəsi və onun inkişafı", "VC-lər təsisçilərlə görüşərkən nə axtarırlar?", "VC təsdiq qutusu və qərar qəbul etmə sxemi" mövzularında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir ingilis dilində baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "SUP.VC" və "NEXT STEP"in birgə təşkilatçılığı ilə 3 iyul tarixində "Startap ideyamı necə tapım?" mövzusunda təlim baş tutacaq.
Təlimdə "INNOLAND"in startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev, "NEXT STEP" İnnovasiya Mərkəzinin direktoru Rəşad Eyvazov və "SUP.VC" şirkətinin direktoru Vüsal Kərimli spiker kimi çıxış edəcəklər. Startap sahəsində dərin təcrübəyə sahib olan spikerlər öz təcrübələrini paylaşacaq və təlimə qatılanları startap dünyasına istiqamətləndirəcəklər.
Təlim onlayn şəkildə "Facebook" platformasında baş tutacaq.