Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi “AzerGold” QSC ilə birgə Akselerasiya Proqramina başlayacaq. Məqsəd, sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin ən inqilabi startaplarını bir araya gətirmək, sənaye ilə bağlı yenilikləri stimullaşdırmaq, prosesləri optimallaşdırmaq və sənayenin Azərbaycanda və regionda yeni bir standart müəyyən etməsidir.
Akselerasiya proqramı üçün uyğun olan startaplar:
prosesləri optimallaşdıran
ixtisas (potensial) inkişaf etdirən
bacarıq artıran
aparıcı texnologiyalardan, avadanlıqlardan və həll yollarından istifadə edən
Qiymətli metal sənayesində və "AzerGold" QSC-nin ehtiyaclarına uyğunlaşdırıla biləcək həllər təqdim edir.
Qiymətli metal sənayesi üçün innovativ həllər ilə yanaşı, startaplar AzerGold QSC-in təşkilati ehtiyacları üçün uyğun həllər təklif edə bilərlər:
Mədənçilik
Sənaye
Geologiya
Insan Resursları
Database / rəqəmsallaşdırma
Hüquq
Maliyyə
Ekoloqiya
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit - və s.
Seçim meyarları:
"AzerGold" QSC-nin fəaliyyətinə aid olmaqdan əlavə seçim məyarları:
1. Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır.
2. Komanda üzvlərindən ən azı 1 nəfər akselerasiya proqramında daimi iştirak etməlidir. Akselerasiyada daimi iştirak edəcək komanda üzvü ingilis dili bilməlidir. Qalan komanda üvzlərinin ingilis dili bilməsi üstünlük hesab ediləcək.
3. Məhsulun prototipi və ya inkişaf mərhələsində olan məhsul təqdim olunmalıdır.
4. Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.
5. Layihənin təqdimatı mövcud olmalıdır.
6. Qiymətli metal sənayesi ixtisasında kvalifikasiyanız və ya sahədə təcrübəniz üstünlük hesab ediləcək.
7. İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalısınız.
Qaliblər "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq akselerasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.
Qeydiyyat üçün : https://forms.gle/8YqYx6mh6d1J7sXd8
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP (UNDP Azerbaijan) tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində SUP.VC şirkətinin təşkilatçılığı ilə Lənkəran şəhərində 3 gün davam edən aqrar sahə üzrə ideatonda iştirak edib.Tədbirdə münsiflər heyətinin üzvü qismində iştirak edən “INNOLAND” nümayəndəsi tədbir iştirakçılarına Mərkəzin ümumi fəaliyyəti haqqında danışaraq, innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələr, yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaradılan fürsətlərlə bağlı məlumat verib.
“Ideathon on Agrinnovation” müsabiqəsində Azərbaycanın müxtəlif regionlarından olan gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürüblər. Sonda qalib olan “İnnovet”, “Zəfər” və “Victory” komandaları üzvlərinə sertifikatlar təqdim olunub. İlk 2 yerin qalibləri həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 3 aylıq inkubasiya xidməti keçmək şansı əldə ediblər.
Qeyd edək ki, aqrar sahə üzrə keçirilən müsabiqənin əsas məqsədi meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etmək olub.
Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İnnovasiyalar Mərkəzi"nin fəaliyyəti ilə tanış olub.
Qonaqlar, həmçinin, "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” Mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar.
2 gün davam edən görüşdə qonaqlara startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib, həmçinin bu istiqamətdə bilik və qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Botbox" Gürcüstanda keçiriləcək "Dünya Startap Kuboku"nun regional tədbirində iştirak edəcək.
"Botbox" "Dünya Startap Kuboku"nun regional tədbirində ilk 10-luğa daxil olub. Tədbirə müxtəlif ölkələrdən 60-dan çox startap müraciət edib. Qalib startap final mərhələsi üçün Silikon Vadisinə gedəcək və 1 milyon ABŞ dolları üçün mübarizə aparacaq.
Qeyd edək ki, "Botbox" kiçik və orta sahibkarlara maneəsiz kömək etmək və məşhur mesajlaşma tətbiqləri vasitəsilə prosesləri avtomatlaşdırmaq üçün hazırlanmış platformadır.