ASAN Xidmət ölkə üzrə növbəti ilkə imza atıb!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 56002:2021 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq sertifikatına layiq görülüb.
Sözügedən sertifikatı ölkəmizdə ilk dəfə Dövlət Agentliyi əldə edib. Standartın alınması Dövlət Agentliyində innovasiya ekosisteminin beynəlxalq standartlara uyğun formalaşdırılmasının göstəricisidir.
Sertifikat Beynəlxalq Standartlar Təşkilatında (İSO) akreditasiya olunmuş Türkiyə Standartlar İnstitutu tərəfindən verilib.
Dövlət Agentliyində formalaşdırılan innovasiyalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha effektiv və keyfiyyətli təşkili, həmçinin vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tətbiq olunur.
Gəncə şəhərində Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün “Green Hackathon 2024” müsabiqəsi ilə bağlı infossesiya təşkil olunub.
İnfosessiyada yaşıl innovasiyaların əhəmiyyəti, texnoloji trendlər barədə tələbələr məlumatlandırılmış, müsabiqənin formatı, iştirak şərtləri haqqında geniş informasiya təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, proqram ADB Azerbaijan (AİB), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur.
Gələcək üçün Bacarıqlar layihəsinin "Ovuciçi" startapı "Invest Forum"da qalib olub.
"Invest Forum" ölkədə innovasiya ekosisteminin inkişafına dəstək vermək və startaplarla investorlar arasında əməkdaşlıq körpüsü qurmaq məqsədilə təşkil olunur.
Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin "Özbahçeci İnvest Club"un təşkilatçılığı ilə keçirilən "Invest Forum"da "Gələcək üçün bacarıqlar" layihəsinin "Ovuciçi" və "Vooshii" startapları investorlar qarşısında çıxış edərək öz startapları haqqında məlumat veriblər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən "Ovuciçi" startapı 1-ci yerə layiq görülüb. Tədbir zamanı böyük marağa səbəb olan "Ovuciçi" startapı praktiki yolla şagirdlərin mühəndislik ixtisaslarına marağını artırmaq məqsədilə yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi / Innovations Centerin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin əsas məqsədi innovasiya sahəsində kadr potensialını artırmaq və innovativ fəaliyyətləri dəstəkləməkdir. Layihə çərçivəsində tələbələrə innovativ ideyaların inkişafı üçün dəstək verilir və onların ölkəmizin texnoloji tərəqqisinə töhfə verəcək kəşflər və ixtiralar sahəsinə yönəldilməsi prioritet olaraq seçilib.
"RoboCode" robotik kodlama düşərgəsinin ilk onlayn təlimi baş tutub.
Təlimdə "Saha Robotics"in Robototexnika proqram təminatı mühəndisi Baha Dursun iştirakçılara robotik kodlama haqqında ilkin biliklər öyrədib.