“NeecroLearn” oyun inkubasiya proqramı çərçivəsində növbəti təlim baş tutdu!
INNOLAND və Neecro Project studiyasının birgə həyata keçirdiyi proqram çərçivəsində təşkil olunan təlimdə iştirakçılar oyun dünyasına daha yaxından baxmaq imkanı qazandılar.
Şamil Namazov tərəfindən təqdim olunan “Game development” mövzusu ilə ideyadan oyuna gedən yol, bu sahədə tələb olunan bacarıqlar və real təcrübələr iştirakçılarla bölüşüldü.
Təlim iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici oldu.
Startapların “biz artıq akselerasiya mərhələsindəyik” dediyini eşitmisiniz?
Bəs nə deməkdir akselerasiya? Akselerasiya — ideyasını artıq sınamış və böyüməyə hazır olan startapların sürət qazanma mərhələsidir.
Bu mərhələdə komandalar:
investorlarla tanış olur
bazar strategiyalarını gücləndirir
satış və marketinq planlarını təkmilləşdirir
mentor dəstəyi ilə daha real hədəflərə fokuslanır
Sadə desək, akselerasiya startapın “başlamaq” deyil, “böyümək” üçün hazırlaşdığı andır. Sizcə, bir startap üçün bu mərhələdə ən önəmli amil hansıdır — mentorluq, bazar strategiyası, yoxsa investor dəstəyi?
“Green Hackathon 2024” proqramının iştirakçıları üçün təlimlər davam edir.
Təlimdə iştirak edən gənclərə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov hakatonun gedişatı və ümumi prosesi haqqında məlumat verib.
Daha sonra “Bilişim Vadisi” texnologiya mərkəzinin ekspertləri Serhat Duyar və Qamət Kərimov müsabiqə iştirakçılarına “Sahibkarlığa giriş: ideyadan startapa” mövzusunda danışıb.
Həmçinin əsas sahibkarlıq bacarıqları, komanda qurma, idarəetmə və liderlik, "lean" startap, qloballaşma, fikirdən biznes modelinə keçid mövzularından bəhs olunub. İştirakçılar komandalara bölünərək qrup işi həyata keçirib.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi hakatonun təşkilatçılarındandır.
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC (İNNOLAND) və “Yeni Fikir” MMC arasında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan (və ya digər) texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.
Sənəddə texnologiya sahibkarlığının formalaşması və inkişafı ilə yanaşı, biznes təşəbbüskarlığının gücləndirilməsi ilə bağlı əməkdaşlıq məsələləri də öz əksini tapır. Belə ki, anlaşma memorandumun istiqamətlərində ölkəmizdə innovasiya ekosisteminin, eləcə də biznes təşəbbüskarlığının qurulması və inkişafına hesablanmış məqamlar öz əksini tapır.
Xatırladaq ki, “İnnovasiyalar Mərkəzi” MMC (İNNOLAND) ölkəmizdə və regionda innovasiya ekosisteminin qurulması, eləcə də texnologiya sahibkarlığının (startapların) inkişaf etirilməsi üçün, fəaliyyət strategiyasına uyğun olaraq, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu cür təşkilatlardan biri kimi "Yeni Fikir" MMC Azərbaycanda intellektual xidmət sektorunda fəaliyyət göstərən, həmçinin startap mədəniyyətinin formalaşmasında özünəməxsus rola malik olan şirkətlərdəndir. Belə ki, bu il altıncı dəfə baş tutan "Yeni Fikir" startap müsabiqəsi "Yeni Fikir" MMC tərəfindən, Bakı Mühəndislik Universitetinin təşkilati, BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. "Yeni Fikir"şirkəti eyni adlı startap müsabiqəsinin təşkilində “İnnovasiyalar Mərkəzi” MMC (İNNOLAND) ilə əməkdaşlıq edir. Müsabiqədə qalib gələcək 5 startap layihəsinin inkişafı da İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində dəstəklənəcək.