17 Mart, 2026

"ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

"ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, Expressbankın sponsorluğu ilə həyata keçirilən “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb. Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, ekosistemin inkişafı üzrə mütəxəssis Nida Emin Kirişçi, “SAHA Robotics” şirkətinin Robototexnika davranış və naviqasiya sistemləri rəhbəri Burak Can Kaya, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər. Düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər “SAHA Robotics” şirkətində təcrübə proqramında iştirak etmək, “Bilişim Vadisi”ndə 1 illik ofis imkanından yararlanmaq hüququ qazanıblar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda “Take Off İstanbul” startap sammitində iştirak imkanı əldə edəcək. Bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına “ROS 2-in əsasları”, “SLAM alqoritmləri”, “ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması” kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub. 2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 924 müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb. Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşmaq və karyera qurmaq istəyən gəncləri “ROS” (Robot Operating System) ekosisteminə dair bilik və bacarıqlarla təmin etməkdir. İnnovativ həllərin təşviqi ilə iştirakçılara bu sahədə layihələrini inkişaf etdirməyə dəstək göstərmək də prioritet istiqamətlərdəndir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

İmkanlar sənə doğru!

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “İmkanlar sənə doğru!” şüarı ilə keçirilən "Səyyar Gənclər Xidməti" layihəsinin Ağdaş rayonunda açılış mərasimi keçirilib.

Açılış mərasimində "INNOLAND" İnkubasiya və Akselerasiya mərkəzi öz stendi ilə təmsil olunub. Mərkəzin və rezident startapların məhsullarından ibarət stend rəsmilərə, tədbir iştirakçılarına, qonaqlara təqdim olunub.

Ətraflı oxu
innoland news image

"INNOLAND"də növbəti Demo Day təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş - “Demo Day” təşkil olunub.

Tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

“Demo Day”də bir neçə fəaliyyət istiqamətini əhatə edən, ümumilikdə 12 startap çıxış edib. 

“INNOLAND”in “Bakcell”lə birgə həyata keçirdiyi 1-ci İnkubasiya proqramından "Fonibo", "Bon.az" və "Towaves" startapları, “AzerGold QSC” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramından "Join 2b2", "Buqelemun", "Təmiz hava" və "Günəş Bioqaz" startapları və “Bank Respublika” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramından "Bank off", "Paylink", "Fintrack", "One Point" və "Dama Dama" startapları investorlar qarşısında öz təqdimatlarını edib.

Startapçılar çıxışlarında “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.

“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam  mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir

Ətraflı oxu
innoland news image

InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi

ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi” çərçivəsində “Təqdimat bacarıqları” mövzusunda təlim baş tutub.

Təlim zamanı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşı Nicat Əmiraslanov tərəfindən təqdimat bacarığı, təqdimat hazırlanması, uğurlu təqdimatın komponentləri, təqdimat növləri, təqdimatın strukturu və biznes plan kimi mövzulardan bəhs olunub və iştirakçıların sualları cavablandırılıb. Komandalar daha sonra təlim boyu hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər.

Ətraflı oxu