INNOLAND-in dəstəyi ilə “NeecroLearn” proqramının açılışı baş tutub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Neecro Project” studiyasının təşkilatçılığı ilə keçirilən “NeecroLearn” oyun inkubasiyası və intensiv təlim proqramının açılış tədbiri baş tutub. Tədbirin ilk hissəsində iştirakçıların bir-biri ilə tanışlığı və ünsiyyət qurması məqsədilə netvörkinq sessiyası təşkil olunub. İkinci hissədə proqramın ümumi gedişatı, mərhələləri və iştirakçılardan gözləntilər barədə ətraflı məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində iştirakçılar “Unity” və “Blender” vasitəsilə oyun və interaktiv layihələrin hazırlanmasını öyrənəcəklər. İştirakçılar eyni zamanda yerli və beynəlxalq mentorlarla görüşlərdə iştirak edəcək, komanda şəklində real layihələr üzərində çalışaraq praktiki təcrübə qazanacaqlar. 6 ay davam edəcək “NeecroLearn” proqramının məqsədi gənclərin oyun və rəqəmsal məhsullar sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək və bu sahədə yeni layihələrin yaranmasına dəstək verməkdir.
10 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Next Step” İnnovasiya Mərkəzi və SUP Startap Akseleratoru arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovorkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi üzrə birgə əməkdaşlığı əhatə edir. Həmçinin yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması, digər qarşılıqlı tədbirlərin təşkili fəaliyyət istiqamətlərinə daxildir.
Tədbirdə inkubasiya xidmətinin ölkəmizdə dayanıqlı startap ekosisteminin qurulmasındakı əhəmiyyəti, həmçinin akselerasiya xidmətinin ölkə hüdudlarından kənarda yeni milli startap brendlərinin formalaşmasındakı rolu qeyd edilib.
Eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək "Global Game Jam" tədbirinə Azərbaycanda da start verilib. 48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. 48 saat sonra qaliblər elan olunacaq və iştirakçılar dəyərli hədiyyələr əldə edəcəklər.
"Global Game Jam"in keçirilməsində əsas məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.
Tədbirin əsas tərəfdaşları "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, SUP.VC, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Vriendly'dir.
“İnnovasiyalar Mərkəzi”ndə Yüksək Texnologiyalar Parkının nümayəndələri ilə görüş keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə “İnnovasiyalar Mərkəzi”nin və Yüksək Texnologiyalar Parkının fəaliyyəti, “SABAH.city” innovasiya şəhərciyi layihəsi, eləcə də mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər gələcəkdə innovasiya ekosisteminin inkişafı, gənclərin yüksək texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması, startap layihələrinin dəstəklənməsi istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər. Görüş çərçivəsində qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, iLab, ASAN İnnovativ İnkişaf Mərkəzi və "Bilim Azərbaycan" layihəsinin fəaliyyəti ilə yerində tanış olublar. Qonaqlara mərkəzlərin həyata keçirdiyi layihələr, rezident startaplar və innovativ təşəbbüslər haqqında ətraflı məlumat verilib.