“IV Aqrar Startaplar və İnnovasiya Forumu” çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi də stendlə təmsil olunaraq iştirakçılara mərkəzin fəaliyyəti, startaplara təqdim olunan dəstək mexanizmləri və innovasiya yönümlü proqramlar barədə ətraflı məlumat təqdim edib.
Forum çərçivəsində "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov sərgi zonası ilə tanış olub, aqrar və digər sahələr üzrə fəaliyyət göstərən startapların innovativ layihələri, tətbiq etdikləri texnologiyalar və təqdim etdikləri həllərlə yaxından maraqlanıb. O, startap nümayəndələri ilə görüşərək onların fəaliyyəti, inkişaf mərhələləri və gələcək planları barədə məlumat alıb, innovativ təşəbbüslərin inkişafının və ekosistemə inteqrasiyasının əhəmiyyətini vurğulayıb.
Forum zamanı aqrar və digər klasterlər üzrə fəaliyyət göstərən startaplara göstərilən inkubasiya, akselerasiya, mentorluq və ekosistemə inteqrasiya xidmətləri ziyarətçilərə çatdırılıb, həmçinin potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin, yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları və digər innovativ texnoloji həllər barədə təqdimatlar keçirilib, müasir aqrar texnologiyaların tətbiqi və bu sahədə innovativ fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi forumun tərəfdaşlarından biri kimi prosesdə fəal iştirak edib. Mərkəzin əməkdaşları forum çərçivəsində təşkil olunan bootcamp proqramlarında mentor qismində iştirak edərək startapçılara praktiki bilik və təcrübələrini bölüşüb, müxtəlif mövzularda təlimlər keçirərək onların ideyalarının inkişafına dəstək göstəriblər.
Azərbaycan yenidən dünyanın ən böyük oyun tərtibatı hakatonlarından birinə qoşulur!
"GameJamPlus" bu il 16–18 oktyabr tarixlərində "Gamepons" və "IGDA Azerbaijan" birgə təşkilatçılığı və "INNOLAND"in dəstəyi ilə Azərbaycanda da keçiriləcək.
"GameJamPlus" nədir?
"GameJamPlus" dünyanın 50-dən çox ölkəsindən oyun tərtibatçılarını bir araya gətirən beynəlxalq oyun tərtibatı proqramıdır. İştirakçılar ilk mərhələdə 48 saat ərzində verilən mövzu əsasında oyun prototipi hazırlayırlar. Daha sonra seçilən layihələr inkubasiya, regional mərhələlər, akselerasiya və "Global Final" daxil olmaqla bir neçə mərhələdən keçərək layihələrini daha da inkişaf etdirmək imkanı əldə edirlər. "GameJamPlus" bir neçə mərhələdən ibarətdir: 48 saatlıq "Game Jam", "Incubation", "Continental Semifinals", "Acceleration" və "Global Final". İştirakçılar bu mərhələlər boyunca oyunlarını təkmilləşdirir, layihələrinin təqdimatı üzərində işləyir və beynəlxalq münsiflər qarşısında çıxış etmək imkanı əldə edirlər. Proqramın sonunda seçilən layihələr Global Final mərhələsində bir araya gəlir.
Qeydiyyat "GameJamPlus"ın rəsmi saytı üzərindən aparılır. Qeydiyyatdan keçmək və proqram haqqında ətraflı məlumat əldə etmək üçün: www.gamejamplus.com
Yerlər məhduddur. Komandanızı formalaşdırın, qeydiyyatdan keçin və öz oyununuzu yaradın!
ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi” çərçivəsində “Təqdimat bacarıqları” mövzusunda təlim baş tutub.
Təlim zamanı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşı Nicat Əmiraslanov tərəfindən təqdimat bacarığı, təqdimat hazırlanması, uğurlu təqdimatın komponentləri, təqdimat növləri, təqdimatın strukturu və biznes plan kimi mövzulardan bəhs olunub və iştirakçıların sualları cavablandırılıb. Komandalar daha sonra təlim boyu hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “SUP” Startap Akseleratorunun qış akselerasiya proqramının iştirakçıları olan “Nextsale” və “Whelp” startaplarına toxum investisiyaları verilib.
Həmin startaplara qoyulan investisiya “Azfinans” İnvestisiya Şirkəti, “Next Step” İnnovasiya Mərkəzi və “Xəzər Vençurs” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.