4 Noyabr, 2025

Azərbaycanda “Rəqəmsal Startap Mükafatları” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

Azərbaycanda “Rəqəmsal Startap Mükafatları” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi”nin və “Sabah Hub”ın tərəfdaşlığı ilə “Rəqəmsal Startap Mükafatları” beynəlxalq müsabiqəsinin “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə Azərbaycan yarımfinalı uğurla baş tutub.

Yarımfinal mərhələsində ölkəmizi təmsil edən 20 innovativ startap layihəsi iştirak edib. Startap komandaları layihələrini münsiflər heyətinə təqdim edərək biznes modelləri, texnoloji yenilikləri və bazar potensialı kimi meyarlar üzrə qiymətləndirilib.

“Rəqəmsal Startap Mükafatları” proqramı regionun startap ekosistemində çoxpilləli inkişaf mexanizmini formalaşdıran, mərhələli seçim sistemi ilə fərqlənən beynəlxalq təşəbbüsdür. Proqramın üç əsas mərhələsindən biri olan “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə iki layihə — “StarKidsStories” və “Tryverse” qalib elan edilib.

“StarKidsStories” süni intellekt texnologiyalarına əsaslanaraq fərdiləşdirilmiş uşaq hekayə kitabları yaradan innovativ startapdır. Layihə miqyaslana bilən modeli və yüksək mənfəət potensialı ilə seçilir.

“Tryverse” isə fiziki məhsulların onlayn satışını artırmaq məqsədilə 3D və artırılmış reallıq (AR) texnologiyalarını birləşdirən platformadır.

Bu iki startap layihəsi Özbəkistanda keçiriləcək beynəlxalq final mərhələsində 9 ölkədən olan ən perspektivli startaplarla mübarizə aparmaq imkanı qazanıb.

Startaplar yarımfinal mərhələsi üçün təxminən 100-ə yaxın müraciət arasından seçilib və nüfuzlu münsiflər heyəti üzvləri və ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmədə aşağıdakı şəxslər iştirak ediblər:

İT Park Ventures-in direktor müavini Dalerkhon Nodirov,

UNEC Startap İnkubatorunun rəhbəri Mübariz Şahbazlı

 Sabah Fondu adından investisiya mütəxəssisi Məsud Alisoy.

Bundan əlavə, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzini təmsil edən Akademi Group-un icraçı direktoru Elşad Məmmədzadə EdTech startaplarını təhsil innovasiyaları üzrə ekspert münsif kimi dəyərləndirib.

Ümumilikdə müsabiqəyə Azərbaycan üzrə 150-dən çox startap müraciət edib. “Rəqəmsal Startap Mükafatı” proqramı “IT Park Özbəkistan”ın innovasiya platforması "StartupBase" tərəfindən təşkil olunur. Proqramın məqsədi Mərkəzi Asiya və Qafqaz regionlarında rəqəmsal innovasiyaları təşviq etmək, startap ekosisteminin inkişafına dəstək vermək və gənc sahibkarların beynəlxalq səviyyədə tanınmasına şərait yaratmaqdır.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda müzakirələr aparılıb

“StartupFest 2019” çərçivəsində “Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda panel sessiya təşkil olunub.

Panel sessiya biznes liderlərinin rəqəmsallaşma sahəsində müxtəlif baxışlarını, təcrübələrini, uğur hekayələrini və çətinlikləri əhatə edib.

Bu paneldə “Biznes üçün rəqəmsal transformasiyanin əhəmiyyəti”, “Gələcəyin biznesi Rəqəmsal transformasiya rəqabətdə üstünlüyün elementi kimi”, “Özəl təşkilatlara dövlət dəstəyi – məlumat paylaşımı, sistem inteqrasiyası” kimi mövzular müzakirə olunub.

Sessiyada “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə, “AzerTelecom” MMC-nin direktoru Fuad Allahverdiyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev, Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Taleh Tahirli, “Bank Respublika”nın İdarə heyətinin sədr müavini Elnur Həsənov, “Yandex.Money”in bölmə rəhbəri Stefan Şevçenko çıxış ediblər.

Sessiyanın moderatoru “AzerTelecom”un strategiya üzrə müşaviri Azər Bayramov olub.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Ətraflı oxu
innoland news image

V “TUSİ” inkubasiya proqramı Azərbaycan Memarlıq və İnşaat Universitetində

 V “TUSİ” inkubasiya proqramı Azərbaycan Memarlıq və İnşaat Universitetində

Keçirilən infosessiya zamanı tələbələrə startap ideyasının formalaşdırılması, güclü komandanın qurulması və innovasiya ekosistemində mövcud imkanlar haqqında ətraflı məlumat verildi.  Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin: https://gub.icenter.az/home

Proqram iştirakçılarına təqdim olunur: Startap ideyasını inkişaf etdirmək üçün praktiki biliklər, Sahə üzrə mütəxəssislərlə təlim və mentor görüşləri, Layihəni real məhsula çevirmək üçün dəstək, Yeni əlaqələr qurmaq və startap mühitinə qoşulmaq imkanı İnnovativ ideyalarınızı reallaşdırmaq və startap dünyasına ilk addımı atmaq istəyirsinizsə, siz də proqramımıza qoşulun!

Ətraflı oxu
innoland news image

Süni intellekt əsaslı startaplar üçün xüsusi imkan – "NVIDIA Inception Proqramı" ilə bağlı infosessiya!

Süni intellekt əsaslı startaplar üçün xüsusi imkan – "NVIDIA Inception Proqramı" ilə bağlı infosessiya!

"StrategEast"in təşkilatçılığı və "INNOLAND"in icma tərəfdaşlığı çərçivəsində keçiriləcək bu onlayn sessiyada süni intellekt sahəsində fəaliyyət göstərən erkən və inkişaf mərhələsindəki startaplar üçün "NVIDIA Inception Proqramı"nın təqdim etdiyi dəstək və fürsətlər haqqında ətraflı məlumat veriləcək.

Sessiya çərçivəsində iştirakçılar proqrama üzv olmaq qaydaları, təqdim olunan bulud kreditləri və texniki resurslar, mentorluq və təlim imkanları, eləcə də qlobal "NVIDIA" ekosistemində tanınmaq yolları ilə tanış olacaqlar.

Andrei Golfeto – "NVIDIA Inception"nın İcma meneceri

30 iyul, 17:00, Görüş online baş tutacaq!

Qeydiyyat: https://t1z9b.share.hsforms.com/2Rd2JrZl6RDiMYEISnwd1zg

Ətraflı oxu