“INNODOST” – İnnovasiya və Startap Proqramı "Könüllü DOST" proqramının təşkilatçılığı, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Könüllü Klubları” layihəsi çərçivəsində “INNODOST” – 3 modullu proqram uğurla başa çatdı. "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanovun təqdimatında, 3 gün ərzində modullar çərçivəsində təlimlər keçirildi. İştirakçılar innovasiya ekosistemi, yaradıcı düşüncə, startap quruculuğu və sahibkarlıq bacarıqları barədə dəyərli biliklər əldə etdilər.
"Green Hackathon 2024"-un yekun tədbiri keçirildi və qaliblər elan olunub.
Final mərhələsində 30-dan çox yerli universitetdən 87 innovativ gənc 20 komanda tərkibində öz ideyalarını təqdim edib.
İnnovativ soyutma sistemi ilə günəş panellərinin səmərəliliyini artırmağı hədəfləyən "Greenix" komandasi öz ideyası ilə 1-ci yerə, sənayedən buraxılan su tullantılarını ağır metallardan təmizləyən startap ideyası ilə "Envirominds "komandası 2-ci yerə və kənd təsərrüfatında dron vasitəsiilə aparılan əkin sahələrinin avtonom analiz və monitorinq həlli ilə "AgroGuard" komandası 3-cü yerə layiq görülüb.
Qaliblərə müxtəlif pul mükafatları verilib və sertifikatlar təqdim olunub.
Tədbirdə Asiya İnkişaf Bankının ölkədəki nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal (AİB), İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.
Qeyd edək ki, müsabiqə AİB, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Hakaton AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardımı çərçivəsində təşkil olunub. Texniki Yardım Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.
19 sentyabr 2022-ci il tarixində Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim vadisinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olub.
Görüşdə Mərkəzin direktoru Vüsal Rüstəmov, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim Vadisinin direktoru Serdar İbrahimcioğlu, Yıldız Texniki Universitetinin professoru Dr. Mesut Güner, texnoparklarla bağlı mütəxəssislər və digər aidiyyəti nümayəndələr iştirak ediblər.
Görüş zamanı Vüsal Rüstəmov Azərbaycanda innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi və innovativ həllərin hazırlanması istiqamətində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” barədə məlumat verib. Həmçinin “INNOLAND”in bu sahəyə verdiyi töhfələrdən, yeni startaplar və yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışıb. Eyni zamanda bu sahədə bilik və qarşılıqlı təcrübə mübadiləsi, ölkəmizin startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.
Qonaqlar, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar.
Görüşün nəticəsi olaraq aidiyyəti istiqamətlər üzrə gələcək əməkdaşlığa dair razılıq əldə olunub.
“StartupFest 2019” çərçivəsində “Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda panel sessiya təşkil olunub.
Panel sessiya biznes liderlərinin rəqəmsallaşma sahəsində müxtəlif baxışlarını, təcrübələrini, uğur hekayələrini və çətinlikləri əhatə edib.
Bu paneldə “Biznes üçün rəqəmsal transformasiyanin əhəmiyyəti”, “Gələcəyin biznesi Rəqəmsal transformasiya rəqabətdə üstünlüyün elementi kimi”, “Özəl təşkilatlara dövlət dəstəyi – məlumat paylaşımı, sistem inteqrasiyası” kimi mövzular müzakirə olunub.
Sessiyada “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə, “AzerTelecom” MMC-nin direktoru Fuad Allahverdiyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev, Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Taleh Tahirli, “Bank Respublika”nın İdarə heyətinin sədr müavini Elnur Həsənov, “Yandex.Money”in bölmə rəhbəri Stefan Şevçenko çıxış ediblər.
Sessiyanın moderatoru “AzerTelecom”un strategiya üzrə müşaviri Azər Bayramov olub.
“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.
Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.