31 may 2022-ci il tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan "StartupBlink" təşkilatı tərəfindən Qlobal startap ekosistemi indeksinin 2022-ci il üzrə hesabatının təqdimat konfransı keçirilib.
Hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən ilki hesabatla müqayisədə Azərbaycan Respublikası ölkələr üzrə reytinqdə 4 pillə, Bakı şəhəri isə şəhərlərarası reytinqdə 12 pillə irəliləyib.
Konfrans zamanı Azərbaycan, Türkiyə, Almaniya, Belçika, İzrail, Yaponiya və ABŞ da daxil olmaqla 20-yə yaxın ölkənin ekosistemi üzrə yenilikləri təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi konfransda onlayn formada çıxış edərək ölkəmizdə innovasiya ekosisteminin inkişafı sahəsində son dövrlər baş verən irəliləyişlər, həyata keçirilən tədbirlər və Dövlət Agentliyi tərəfindən yaradılan "INNOLAND " mərkəzinin fəaliyyəti barədə məlumat verib, ölkəmizdə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”, “Gələcək üçün bacarıqlar” və “Regional texnoloji startaplara dəstək” layihələrinin hesabatda əks olunmasını müsbət məqam kimi vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2022-ci il yanvar ayından etibarən "StartupBlink" təşkilatının ölkə üzrə partnyorudur. Yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və sahə üzrə fəaliyyət göstərən təşkilatlar haqqında məlumatların "StartupBlink" platforması vasitəsilə beynəlxalq arenada paylaşılması istiqamətində davamlı işlər aparılır.
"Ön toxum və toxum mərhələsi üzrə investisiyaya hazırlıq" proqramına qeydiyyat başladı.
Proqramın məqsədi artıq məhsulu və ilk ödənişli müştəriləri olan startapları qısa müddətdə investisiyaya hazır vəziyyətə gətirmək və seçilmiş VC-lərlə birbaşa əlaqələndirməkdir. Proses fərdi mentorluq, dərin analitik yanaşma və AnalyzeWare platforması dəstəyi ilə həyata keçiriləcək. Seçiləcək cəmi 5 startap proqram çərçivəsində 2-4 həftə ərzində investisiya dəyərləndirməsi, maliyyə yanaşması və strategiyasını formalaşdıracaq. Xüsusi olaraq, seçilən startaplar heç bir üzvlük haqqı ödəmədən iştirak edəcək və AnalyzeWare Strategy paketindən 12 ay tam pulsuz istifadə hüququ qazanacaq.
Son müraciət tarixi: 14.02.2026,
Qeydiyyat linki: https://forms.gle/BQBJ9fuxJoMU8TSr7
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə “Hackathon”a start verilib.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edəcək.
Tədbirin ilk 2 günü iştirakçılar “Startap nədir?” “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar.
Növbəti 3 gün ərzində iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
Sonda qalib komandalar Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.
Gəncə şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.
"INNOLAND"də “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Taskool"un birgə təşkilatçılığı ilə 8–11-ci sinif şagirdləri üçün təşkil olunan “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub. Final mərhələsi "INNOLAND"in rezidenti "Taskool"un "Startup School" proqramı çərçivəsində keçirilib. 2025-ci ildə "Startup School" proqramına daxil olan 147 müraciət arasından seçilən 110 iştirakçı tədrisə başlayıb, 58 nəfər isə proqramı uğurla bitirərək 7 əsas sahə üzrə 13 komanda formalaşdırıb. Qlobal səviyyədə sahibkarlıq bacarıqları və maliyyə savadı qazandırmaq məqsədi daşıyan proqram çərçivəsində iştirakçılar real biznes ideyaları üzərində işləyərək startap layihələrini təqdim ediblər. Təcrübəli mentorların dəstəyi ilə hazırlanan layihələr süni intellekt, "FinTech", "GreenTech", "HealthTech", "AgriTech", "Gaming" və "E-ticarət" istiqamətlərini əhatə edib. Final mərhələsində çıxış edən 13 komanda öz innovativ ideyaları, kreativ yanaşmaları və təqdimat bacarıqları ilə münsiflər heyətinin diqqətini cəlb ediblər. Sonda "Speacdeaf", "Tutor AI", "Mindmark" komandalarının startap layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub. Proqramı uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim edilib. "Startup School" proqramı Azərbaycanın gələcək startap liderləri üçün möhkəm baza formalaşdıraraq ölkə üzrə innovasiya mədəniyyətini təşviq edir.